
Macarıstan millisinin futbolçusu Barnabaş Varqa Marko Rossinin baş məşqçiliyi dövründə Macarıstan yığmasının 100-cü qolunun müəllifi olub.
Sportnet.az xəbər verir ki, 31 yaşlı hücumçu buna iyunun 10-da səfərdə Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündə nail olub.
Bir il sonra milli komandada qol vuran “Ferentsvaroş”un futbolçusu yerli mətbuata açıqlama verib. 5-ci dəqiqədə fərqlənərək komandasının erkən qolunun müəllifi olan Varqa Azərbaycan yığmasından üstün olduqlarını bildirib: “Bir neçə oyundur hücumçunun qol vura bilməməsi pis şeydir. Yenidən fərqlənmək isə əladır. Təəssüf edirəm ki, daha çox qol vura bilmədim. Bunun üçün imkanım var idi. Düşünmürəm ki, nəticə real fərqi əks etdirir. Biz çoxlu qol epizodu yaratdıq. Bu, şişirtmə deyil, daha böyük fərqlə qalib gələ bilərdik. Oyunun son dəqiqələrini özümüz üçün çətinləşdirdik. İmkanlarımızdan daha yaxşı faizlə istifadə etsəydik, matçın sonunda narahat olmağa ehtiyac qalmazdı".
Varqa qol vurmaqla yanaşı, məhsuldar ötürmə müəllifi də olub. O, qələbə topunun vurulduğu epizodu belə şərh edib: "Son günlərdə taktika üzərində çox çalışmışdıq, ikinci qolumuzdan əvvəlki hücum da məşq etdiyimiz bir element idi. Jolt Nadın cinah ötürməsindən sonra top mənə gəldi, mən də Dominik Soboslaiyə ötürmə verməklə düzgün etdim. Çünki o, qol vurdu. Bizə qələbə həqiqətən də lazım idi”.
Macarıstanlı hücumçu etiraf edib ki, son vaxtlar bir neçə oyun istənilən kimi keçməyib. Lakin Azərbaycan üzərində qazanılan qələbə komandaya inam və özgüvən qazandıraraq payızda rəsmi matçlara davam etmək üçün stimul ola bilər: "Uğur qazanmaq üçün hər cür şansımız var. Bu qələbə komanda üçün yaxşı oldu. Baxmayaraq ki, çox da güclü olmayan rəqibə qalib gəldik. Amma qələbə həmişə xoşdur. Hər kəs dünya çempionatının seçmə mərhələsinə qədər qalan bir neçə ayı klublarında maksimum dəyərləndirməlidir. Növbəti mövsümə ən yaxşı şəkildə hazırlaşmalıyıq ki, sentyabrda mümkün olan ən yaxşı formada çıxış edə bilək".
Qeyd edək ki, Barnabaş Varqa ötənilki Avropa çempionatında İsveçə qarşı başla vurduğu qoldan sonra Macarıstan yığmasında fərqlənə bilməmişdi. İsveçlə “Pușkaş Arena”da keçirilən yoldaşlıq oyununda (0:2) isə o, kiçik zədə səbəbindən iştirak edə bilməmişdi. Macarıstanın DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri Portuqaliya, İrlandiya və Ermənistan olacaq.