
"Ötən mövsüm təkcə klubumuz deyil, ölkə futbolu üçün də tarix yazdıq. Bununla hamı qürur duya bilər. Bu, bizim üçün çox şey deməkdir. Lakin həmişə dediyim kimi, futbolda keçmişlə yaşamaq olmaz".
Sportnet.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Sabah"la qarşılaşacaq Sloveniya "Tsele"sinin baş məşqçisi Albert Riera deyib.
İspaniyalı mütəxəssisin sözlərinə görə, 2024/2025 mövsümündə Sloveniya Kubokunu qazanmalarına və ölkə futbolu tarixində ilk dəfə Konfrans Liqasında 1/4 finaladək irəliləmələrinə baxmayaraq, hər bir mövsümə yeni motivasiya ilə yanaşılmalı, yeni hədəflər qoyulmalı və onlara çatmaq üçün hər şey edilməlidir: "Biz mövsümə eyni mentalitetlə başlayırıq. Kim olduğumuzu bilir, heç kimdən qorxmuruq. Çünki istənilən rəqiblə mübarizə aparmağı bacardığımızı sübut etmişik. Yeni uğurlara acıq".
Rieranın fikrincə, hər bir rəqib komanda avrokuboklara daxili çempionatda yüksək yer tutmaqla və ya kuboku qazanmaqla gəldiyindən, ciddi və keyfiyyətli rəqib kimi qəbul olunmalıdır: "İlk maneəmiz "Sabah" olacaq. Bu rəqibi hərtərəfli analiz edəcəyik. Hələ oyunadək kifayət qədər vaxtımız var. II təsnifat mərhələsində AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) cütünün qalibi ilə qarşılaşacağımızı da bilirik. Özümüzə inanırıq. Çünki ötən mövsüm keyfiyyətli rəqiblərə qarşı hər bir oyunumuzu yaxşı keçirmişik".
Qeyd edək ki, "Sabah" "Tsele" ilə ilk görüşünü iyulun 10-da evdə, cavab matçını iyulun 17-də səfərdə keçirəcək.