
Futbolun İnkişaf Fondunun (FİF) 2022 - 2025 hesabatı jurnal formasında da hazırlanıb.
Teleqraf xəbər verir ki, Himayəçilər Şurasının üzvlərinin təsdiq etdiyi sənəddə 2022-2025-ci illəri əhatə edən fəaliyyət hesabatı ilə yanaşı, maliyyə hesabatı da əksini tapıb.
FİF 2016-cı ildə AFFA tərəfindən təsis olunub. 2022-ci ilə qədər əsas fəaliyyəti klublara maliyyə yardımı edilməsində vasitəçi rolunu oynamaqdan ibarət idi. 2 fevral 2022-ci ildə keçirilmiş AFFA-nın növbəti Hesabat Konfransında Fondun yenilənmiş məqsəd və planları futbol ictimaiyyətinə təqdim olunub. Həmin tarixdə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında Tural Piriyev FİF-in yeni icraçı direktoru təyin olunub və Himayəçilər Şurasının heyətinin yenilənməsinə qərar verilib.
AFFA bölgələrdəki stadionlara niyə əl gəzdirmir?
FİF-in 2022 - 2024-cü illərdə gördüyü işlərlə tanış olarkən, belə bir fikir formalaşdı: Azərbaycanın istənilən regionunda - şəhərində və rayonunda klub yaratmaq mümkündür. Hər bir bölgəmizdə Olimpiya İdman komplekslərinin meydançaları var. AFFA İnkişaf Strategiyasının elə girişindəcə UGİM-lərin (əslində UGİŞM-lərin) stadionlarının olmadığını qeyd edərək, bununla guya oynamağa meydança tapmadığının görüntüsünü yaratmaq istəyir.
Beləliklə, milli assosiasiya futbol meydançalarının ən azından Olimpiya İdman komplekslərində fəaliyyət göstərməsini bilməyərəkdən və ya bilərəkdən unudur. Hansı ki, həmin meydançalarda I Liqa və II Liqa komandaları ev oyunlarını keçirirlər. Hətta Quba Olimpiya İdman Kompleksinin stadionu kimi Premyer Liqa, Azərbaycan Kubokunun finalı və beynəlxalq oyun keçirməyə imkan verəni də var. Yəni, bu komandaların fəaliyyət göstərməsinin bir səbəbi də həmin meydançalardır.
Olimpiya İdman komplekslərindən əlavə, hər bir rayonda pis-yaxşı stadionlar fəaliyyətdədir. Təmirə ehtiyacı olanları da var, normal vəziyyətdə olanları da. Sadəcə, hər bir yarışın tələblərinə uyğunlaşdırmaq üçün onlara müvafiq qaydada əl gəzdirmək lazımdır.
AFFA əvvəllər yalnız özünün tikdiyi bölgə stadionlarında komanda yaratmağa meylli idi. Yəni, gözləyirdi ki, o stadion balansına verilsin, sonra oranı təmir etsin, hansısa klubu yaratsın və ya "Keşlə" kimi titulları ilə bərabər Şamaxıya köçürüb, adını da elə "Şamaxı" qoysun. Məhz buna görə də uzun müddət Azərbaycan Premyer Liqası Bakının açıq çempionatı formatında keçirilirdi.
İndiki rəhbərlik də eyni xətti rəhbər tutub. Özlərinə söz veriblər ki, bölgə stadionu AFFA-nın balansına keçməsə, ora təmir üçün bir qəpik də pul ayırası deyillər. Halbuki yüngülvari təmir işləri aparılsa, həmin rayonlarda ən azı II Liqa klubları fəaliyyətə başlaya bilər.
Məsələn, AFFA və FİF nümayəndələrinin "Səbail" klubunun rəsmiləri ilə birlikdə 2023-cü il aprelin 23-də Xaçmaza edilən səfər zamanı rayonda tikilən stadionlara baxış keçirilib. Amma həmin vaxt onlar Xaçmaz Olimpiya İdman Kompleksində də olsaydılar, görərdilər ki, oradakı təbii örtüklü futbol meydançası standartlara uyğun deyil. Uyğunlaşdırmaq üçün isə meydançanın bitimindəki betonları sökərək uzadılmasına dəstək ola bilərdillər.
İndi nə Xaçmazda inşasına başlanılan stadionlar var, nə də "Səbail"in oradakı təlim-məşq bazasından. Nəinki "Səbail", hətta rayonun I Liqaya vəsiqə qazanan "Şimal" komandası ev oyunlarını Xaçmazda keçirə bilməyəcək.
Hələliksə, mövcud stadionlarda yaradılan klubun necə fəaliyyət göstərəcəyinə nəzər salaq.
лака
"Oyun günü" məhsulunun faydası
FİF-in hesabatından məlum olur ki, I Liqa və II Liqa klublarına fəaliyyət gəlirləri əldə etmək üçün dəstək göstərilib: "Dünya futbolunda klubların öz idman və qeyri-idman fəaliyyətindən əldə olunan gəlirlərinin ciddi maliyyə kanalı olmasına baxmayaraq, yerli klublar fəaliyyətlərindən demək olar ki, gəlir əldə etmirlər. FİF-in təşəbbüsü ilə bu maliyyə kanalının bəzi bölgə klublarında inkişaf etdirilməsi ilk olaraq bilet satışının tətbiqi, mövsümi biletlərin satışı, oyun günü su və qida satışının təşkili ilə həyata keçirilib. Öncəki illərdə bilet satışı olmayan "Turan Tovuz", "Kəpəz", "Zaqatala", "Mingəçevir", "Şəmkir", "İmişli" klublarının oyunlarından bilet satışına start verilib. "Turan Tovuz", "Mingəçevir", "Şəmkir", "Zaqatala", "İmişli" klubları üçün "mövsümi bilet" məhsulu yaradılıb".
Digər tərəfdən, azarkeşlər üçün oyun günü təcrübəsinin inkişaf etdirilməsi, davamiyyətin qorunması və klub üçün yeni maliyyə imkanlarının yaradılması ilə bağlı FİF tərəfindən müxtəlif bölgələrdə "oyun günü" məhsulu tətbiq olunur.
Müşahidələr onu deməyə əsas verir ki, bölgələrdəki azarkeşlər üçün həmin ərazidə fəaliyyət göstərən komandanın hansı liqada - I Liqa, II Liqa və hətta Region Liqasında oynamasının ciddi fərqi yoxdur. Yəni, doğma komanda oynayırsa, rəqibdən və liqadan asılı olmayaraq, tribunaları doldururlar. Bunu yenicə başa çatan liqalardakı oyunlar zamanı da gördük. Qalır həmin azarkeşlərdən gəlir əldə etmək və onu klubun müəyyən xərclərinin qarşılanmasına yönəltmək.
Əlbəttə, oyun günü gəlirləri Premyer Liqadakı bölgə klubunun xərclərinin heç 10 faizini də təşkil etmir. Lakin I Liqa olmasa da, ən azından Region Liqası və II Liqa klubu üçün bu, ciddi məbləğ rolunu oynaya bilər. Yetər ki, həmin gəliri əldə etməyi bacarasan, bu sahədə çevik iş qurasan. Ona görə də FİF-in göstərdiyi "oyun günü" dəstəyi təqdirəlayiqdir.
Ticarət mərkəzləri kimlərin cibinə işləyir?
Hesabatdan o da aydın olur ki, FİF Premyer Liqa və I Liqa klublarına sponsor tapılması istiqamətində müəyyən işlər görüb. Daha çox iş görə bilməməsinin isə obyektiv səbəbləri var. Bu, futbola yatırım etmək istəyən şirkətlərin xeyli azlığıdır. Təsəvvür edin ki, dövlət hər klubun saxlanmasına illik 3 milyon manat ayırıb, bu isə 10 aylıq fəaliyyət dövrü üçün ayda 300 min manat deməkdir. Bu olmasaydı, hər ay qazancından 300 min manatı futbola ayırmaq istəyən neçə şirkəti təsəvvürə gətirmək olardı? Digər tərəfdən, bu qədər məbləğ ayırmaq üçün şirkətin aylıq ən azı 3 milyon manat dövriyyəsi olmalıdır. Belə biznes subyektləri nə qədərdir?
İlk ağıla gələn ticarət mərkəzləridir. Bir dəfə yazmışdım: təkcə "Sədərək" Ticarət Mərkəzinə gündəlik giriş-çıxış üçün ödənilən 50 qəpikləri toplasan, nəinki həmin rayonu təmsil edən "Qaradağ Lökbatan" I Liqada sonuncu yeri tutar, hətta iddialı klub kimi fəaliyyət göstərər, SOCAR-dan maliyyələşməz və buna görə də Premyer Liqa üçün asanlıqla lisenziya qazanar.
Yəni, bu cür ticarət mərkəzləri yetərincədir. Deyə bilmərəm ki, FİF onlarla danışıqlar aparıb-ya yox, amma hansısa formada yol tapmaq lazımdır. Çünki ticarət mərkəzlərindəki ayrı-ayrı dükanlardan toplanılan "yer haqqı" birbaşa ciblərə gedir, işçi sayı tam göstərilmir, vergi və pensiya fonduna ödənişlər onların sayına görə edilmir. Elə dükan sahibləri tanıyıram ki, rəsmi qaydada işləməyə hazırdırlar, amma ticarət mərkəzinin qoyduğu qaydalarla işləmək zorunda qalıblar.
Təkcə geyim deyil, tikinti və təsərrüfat mallarının satışı ilə məşğul olan ticarət mərkəzləri də yetərincədir. Orada elə dükanlar var ki, sahibi II Liqada normal bir klub saxlaya bilər. Onları hansısa formada sövq etmək lazımdır.
Media ilə bağlı layihələr niyə yoxdur?
Hesabatdan görünür ki, qurum təkcə futbol klubları deyil, uşaq futbolunun inkişafı və sosial yönümlü layihələr də həyata keçirib. Bəzi layihələrə UEFA da vəsait ayırıb. Amma nədənsə, FİF media ilə bağlı layihələrdən yan keçib. Halbuki, regionlarda futbolun inkişafına töhfə vermək üçün medianın da dəstəyindən yararlanmaq olardı. Necə ki, Peşəkar Futbol Liqasının (PFL) bölgə layihəsi öz effektini verməkdədir.
Bir dəfə FİF-ə bölgələrdəki jurnalistlərin futbol biliklərinin artırılmasından ötrü seminar keçməyi təklif etmişdim. Həmin vaxt PFL-ın bölgə layihəsi yox idi. Seminarın təşkili bölgələrdə daha çox ictimai-siyasi sahələr üzrə xəbərlər, reportajlar hazırlayan jurnalistlərin futbol biliyini də artırmaq, onları bu sahəyə də sövq etməkdən ibarət idi. Çünki bölgə komandaları yarandıqca onların ev oyunlarının işıqlandırılması üçün mediaya tələbat yaranırdı. İdman tədbirini işıqlandırma təcrübəsi olmayan bölgə jurnalistləri oyunlara gedib nə yazacaqdılar? Futbolçudan açıqlama almağı, mətbuat konfranslarında səsləndirilən fikirləri ictimaiyyətə çatdırmağı bacaracaqdılar? Təbii ki, yox.
Yaxşı ki, bu işi PFL öz üzərinə götürdü. İndi hansısa bölgədə keçirilən oyunda jurnalist sayı Bakıdakı oyunlardakından çox olur.
Bu imkanı əldən verən FİF jurnalistləri bölgə stadionlarının vəziyyətindən yazmağa sövq edən yazı müsabiqələri keçirə, onların hər dəfə bir rayonun futbol infrastrukturu ilə tanış olmalarından ötrü səfərlərini təşkil edə bilər. Eləcə də regionlarda icra başçıları və iş adamları ilə görüşlərə media nümayəndələri də aparılsa, danışıqların effektivliyi daha da artar. Çünki bu zaman potensial investor onun şirkətinin və adının mediada daim reklam olunacağını, xüsusi rəğbət görəcəyini əyani hiss edər.
Şəffaflıq, şəffaflıq, şəffaflıq...
Yazının əvvəlini AFFA-nın tənqidi ilə başladım, amma təriflənəsi işləri də var. Bu, ilk növbədə, illik hesabatların şəffaflığıdır. Yəni, nə varsa, onu açıqlayırlar. Bu baxımdan, FİF də eynilə şəffaflığa əməl edir. Hesabatdan məlum olur ki, AFFA-dan quruma daxil olan vəsaitin həcmi ildən-ilə artır. 2023-cü ildə gəlirlər yarım milyonu keçib. Əmək haqqı və ezamiyyə xərclərinin 2024-cü ildə 2022-ci ilə nəzərən az qala 2 dəfə artması iş və işçi artımından xəbər verir.
"Bəxt üzüyü" filmində deyilən "Xoşbəxtlik", xoşbəxtlik, xoşbəxtlik" sözlərini bu yerdə "Şəffaflıq, şəffaflıq, şəffaflıq"la da əvəz etmək olar. Çünki uğuru, xoşbəxtliyi şərtlərindən amillərdən biri də şəffaflıqdır.
Yəni, görülən işlər ortadadır, qalır onların miqyasının artırılması, şaxələndirilməsi.