"Araz-Naxçıvan"ın futbolçusu Coşqun Diniyevin "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra Sportnet.az-a müsahibəsi:
- Vaxtilə formasını geyindiyiniz "Zirə"yə qarşı oyunu necə dəyərləndirirsiniz?
- Oyunu bizim üçün yaxşı keçdi. Əsas qələbə idi, onu da qazandıq. Qalib gəlməyin heç bir komanda üçün mənası yox idi. Amma belə oyunlarda 3 xal da bir üstünlükdür.
- Sizcə, çempionat "Araz-Naxçıvan" üçün niyə və nə vaxt mənasızlaşdı?
- Yəqin ki, çempionatın gedişində etdiyimiz səhvlər sonda bizim üçün qələbələri mənasızlaşdırdı. Çünki artıq avrokubok hədəfimiz qalmadı. Amma son anadək oynamaq lazım idi. Bu gün futbolçular avrokubok hədəfi olmasa da, öz adları üçün çıxış edirdilər. Hər kəs gələn mövsüm ya komandada qala bilər, ya da hansısa kluba yaxşı adla getməlidir. Ona görə də qələbə qazandığımız üçün sevinirəm.
- Nəticələriniz istədiyiniz kimi olmamasında heyət kasadlığının hər hansı rolu oldu?
- Mən belə düşünməzdim. Komandada kifayət qədər futbolçu var idi. Sadəcə, yaşadığımız şanssızlıqlar, əldən buraxdığımız bir çox qələbələr oldu. Bəlkə də həmin oyunlarda yaxşı çıxış etsəydik, daha yaxşı konsentrasiya olsaydıq, sonluq fərqli ola bilərdi.
- Bəs baş məşqçi dəyişikliyi?
- Artıq olan olub. Bundan sonra nə isə deməyin bir mənası yoxdur. Qışadək yaxşı vəziyyətdə idik. Qışdan sonra... Məncə, bunun baş məşqçi ilə də əlaqəsi yoxdur. Çünki meydançada icraçılar - futbolçulardır. Demək olar ki, ikinci dövrədə əlimizdən gələ edə bilmədik.
- Türkiyədə qalıb başqa klublarda çıxış etmək imkanınız var idi, yoxsa sırf təklifə görə Azərbaycana qayıtdınız?
- "Var idi" də, "yox idi" də demək olmaz. Amma futbolçu beyninə nə qoydusa, onu etməyə hazırdır. Türkiyədə "Umraniyespor, "Bandırmaspor" və "Çorum" komandalarında üst-üstə 3 il çıxış etdikdən sonra ölkəmə qayıtmaq istədim. Görək, sonrası necə olur.
- Hətta bir dəfə müsahibənizdə yenə legioner həyatı yaşamaq istədiyinizi demişdiniz...
- Elə müsahibəm ola bilər, əslində fikrim də o idi. Lakin qərarı təkbaşına vermirəm. Həyat yoldaşım və övladım var, bəzi məqamlarda onların da gələcəyini düşünməliyəm. Peşman deyiləm. Gələcəkdə daha yaxşı nailiyyətlərimizin olacağına ümid edirəm.
- Millinin qarşıdakı toplanışına çağırılmamağınızı necə qarşıladınız?
- Azərbaycana qayıtdıqdan sonra milliyə çağırılmamışam. Qarşıdakı toplanışa dəvət almamağımı normal qarşılayıram. O barədə heç danışmaq da istəmirəm.
- Atanız Şahin Diniyevin yenidən Premyer Liqada çalışacağına dair xəbərlər var. Bu barədə nə deyə bilərsiniz?
- Bu barədə atamla danışmamışam. Ayrı-ayrı yerlərdə yaşadığımızdan və iş, məşq olduğundan, onu gec-gec görürəm. Görəndə də o bu məsələdən danışmırıq. Məlumatım yoxdur.
Elşən MƏMMƏDOV












































































