
“Qarabağ”dan ayrılan Olivio Juninyonun çıxış etdiyi Braziliyanın “Flamenqo” klubu ABŞ-da təşkil olunan klublararası dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, D qrupunda yer alan Rio-de-Janeyro təmsilçisi ötən gecə yerli “Los-Anceles” ilə 1:1 hesablı heç-heçə edib.
84-cü dəqiqədə "Los-Anceles"in hücumçusu Denni Buanqa hesabı açıb. İki dəqiqə sonra isə Uolles Yan bərabərliyi təmin edib.
Juninyo 82-ci dəqiqədə meydana çıxaraq, klublararası dünya çempionatında debüt edib.
Ümumilikdə 7 xal toplayan “Flamenqo” qrup lideri kimi mərhələ adlayıb. Qrupdan daha bir vəsiqəyə 6 xala malik "Çelsi" sahib çıxıb.
"Zadəganlar" bu tur "Esperans"ı darmadağın edib - 3:0. Tosin Adarabioyo 45+3-cü, Liam Delap 45+5-ci, Tayrik Corc isə 90+7-ci dəqiqədə fərqlənib.
3 xala malik "Esperans" və 1 xalı olan "Los-Anceles" komandaları qrupda qalıb.
Qeyd edək ki, pley-off mərhələsində “Flamenqo” “Bavariya” ilə, “Çelsi” isə “Benfika” ilə qarşılaşacaq.