
"Məncə, püşk "Qarabağ"a əlverişli rəqib qismət etdi. Komandamız növbəti mərhələyə yüksəlmə şansı 80 faizdir. Hesab edirəm ki, biz "Valetta"dan güclüyük". Bunu Sportnet.az-a açıqlamasında Ağdamın "Qarabağ" klubunun həmtəsisçisi Adil Nadirov deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirən Nadirov bildirib ki, əsas hədəf heç də Malta "Valetta"sını üstələməkdən ibarət olmamalıdır. Onun sözlərinə görə, sevimli klubu Avropa Liqasının qrup mərhələsinə düşməyi qarşısına məqsəd qoyub. Onun fikrincə, "Qarabağ" bu vəzifənin öhdəsindən gələcək: "Əminəm ki, "Qarabağ" komandası layiqincə çıxış edərək, məqsədinə çatacaq. İnanmıram ki, komandamız arxayınçılığın qurbanı olacaq. Mən bu komandaya və onun baş məşqçisi Qurban Qurbanova inanıram".
Qeyd edək ki, "Qarabağ" "Valetta" ilə ilk görüşünü iyulun 15-16-da səfərdə, cavab görüşünü isə 22-23 iyulda Bakıda keçirəcək.