
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında E qrupunda mübarizəyə yekun vurulub.
Sportnet.az xəbər verir ki, III turun oyunları nəticəsində İtaliyanın "İnter" (Milan) və Meksikanın "Monterrey" klubları 1/8 finala yüksəlib.
"İnter" Argentinanın “River Pleyt” klubuna 2:0 hesabı ilə qalib gəlib. Oyunda hesabı 72-ci dəqiqədə Françesko Esposito açıb, Alessandro Bastoni isə 90+3-cü dəqiqədə yekun nəticəni müəyyən edib.
"Monterrey" isə Yaponiyanın "Urava Red Daymonds"u darmadağın edib - 4:0. Hesabı 30-cu dəqiqədə Nelson Deossa açıb. 36-cı dəqiqədə German Berterame fərqi 2 topa çatdırıb. 39-cu dəqiqədə Jesus Korona fərqi daha da artırıb. 90+7-ci dəqiqədə ikinci dəfə fərqlənən German Berterame oyunda yekun nəticəni müəyyən edib.
Nəticədə xalını 7-yə çatdıran "İnter" liderliyə yüksəlib. 5 xala malik "Monterrey" isə qrupu ikinci pillədə tamamlayıb.
4 xalı olan "River Pleyt" və xalsız " Urava Red Daymonds" qrupda qalıb.