
“Belarus yığması yüksək keyfiyyətə malik komandadır, əksər oyunçuları Rusiyanın yüksək liqasında çıxış edir”.
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Belarusa qarşı yoxlama görüşünü dəyərləndiriərkən deyib.
Mütəxəssis məğlubiyyətin əsas səbəblərindən biri kimi beş futbolçunun zədəli olmasını göstərib: "Bizdə elə mövqelər var ki, orada çıxış edən oyunçu zədə aldıqda bunun çətinliyini yaşayırıq. Digər səbəb bir çox futbolçumuzun çıxış etdiyi Türkiyə çempionatında mövsümün bir müddət əvvəl başa çatmasıdır. Oradan gələn qızlar bu müddətdə fərdi məşqlərlə kifayətləniblər. Həm Rusiyada, həm də Belarusda çempionat davam edir. Bu məqamlar oyuna və nəticəyə təsirsiz ötüşməyə bilməzdi”.
Əsgərov heyətə yeni cəlb edilən futbolçuların durumundan razı qalıb:
“Zədəlilərin yerinə milliyə yeni gənc futbolçular dəvət etdik. Bəziləri ilk dəfə idi ki, millinin heyətində çıxış edirdilər. Özünü yaxşı tərəfdən göstərənlər oldu. Onları gələcəkdə komandaya qazandıra bilərik”.
Baş məşqçi Belarus yığması ilə iyulun 1-də Minskdə keçirəcəkləri ikinci yoldaşlıq görüşü barədə də təəssüratlarını bölüşüb:
“İlk matçı təhlil edərək, səhvlərimizin üzərində çalışacağıq. Belarusla ikinci görüşdə bunları təkrarlamamaq önəmli olacaq. İkinci oyunda daha yaxşı nəticə üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi hazırda Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçir. Komanda hazırlıq müddətində yerli yığma ilə ilk yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzub. Tərəflər iyulun 1-də yenidən üz-üzə gələcəklər.