Zəngəzurun "Sünik" klubu futbol üzrə Ermənistan Premyer Liqasına buraxılmayıb.

 

Sportnet.az-ın məlutına görə, bu barədə Ermənistan Futbol Federasiyasının (EFF) İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

 

Klub idman prinsiplərinə əsasən, elitaya vəsiqə qazansa da, Qafandakı "Lernaqorts" stadionunun Premyer Liqa standartlarına hələlik uyğun gəlmədiyi açıqlanıb. Həm bu məqamı, həm də "Sünik"in siyasətinin Zəngəzurda futbolun inkişafına yönəldiyini nəzərə alaraq, klubun daha bir mövsüm I Liqada çıxış etməsi məqsədəuyğun sayılıb.

 

Əvəzində Premyer Liqa lisenziyası qazanan yeganə klub "Qandzasar" elitaya buraxılıb.

 

Digər tərəfdən, Ermənistan Premyer Liqasının yeni formatı müəyyənləşib. Qərara alınıb ki, qarşıdakı 4 mövsüm ərzində çempionatda 10 komanda 3 dövrəlik mübarizə ilə çıxış etsin. Klubların start heyətində isə ən azı 3 oyunçu Ermənistan futbolunun yetirmələri və ya Ermənistanın müxtəlif yaş qruplarından ibarət millilərinin üzvləri, oyunların iştirak ərizəsində isə 23 futbolçudan 9-u yerlilərdən ibarət olmalıdır.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası da 2025/2026 mövsümündən 3 dövrəlik sistemlə keçiriləcək. Amma çempionatda 12 komanda iştirak edəcək, legioner limiti isə olmayacaq.