
SOCAR Türkiyənin I Liqa təmsilçisi “Iğdır” klubu ilə forma sponsorluğuna dair yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, bu barədə eyniadlı şəhər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sözləşmə 2025/2026 mövsümünü əhatə edir. Müqavilə klubun Ankaradakı bazasında imzalanıb.
Tədbirdə Türkiyə gənclər və idman naziri Aşkın Bak, Türkiyə Böyük Millət Məclisinin üzvü Mehmet Muharrem Kasapoğlu, Iğdır şəhər valisi Ercan Turan, klubun prezidenti Cantürk Alagöz, “SOCAR Türkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov, futbolçular və klubun texniki işçiləri iştirak ediblər.
Anlaşmaya əsasən, SOCAR loqosu komandanın geyim formalarında nümayiş olunacaq.
Mərasimdə Alagöz İbadova üzərində onun adı yazılmış forma hədiyyə edib.
SOCAR rəsmisi sponsorluq anlaşmasını yeni mövsümdə də davam etdirməkdə məmnun olduqlarını dilə gətirib: "Keçən il il təməllərini atdığımız bu gözəl yol yoldaşlığını 2025/2026 mövsümündə də forma sponsoru olaraq davam etdirəcəyik. Əmin olun ki, bu, bizim üçün sadəcə sponsorluq deyil, daha böyük, daha dərin məna kəsb edir. "Iğdır" futbol klubunun sinəsində SOCAR-ın loqosu olacaq. Diqqət etsəniz, bu, bir az alova bənzəyir. Bu da Azərbaycanla Türkiyə arasındakı sarsılmaz dostluğun, ortaq tariximizin və mədəniyyətimizin alov kimi parlamasını göstərir. Buna görə də "Iğdır" klubunu dəstəkləmək bizim üçün qardaşlığın və bağlılığın ifadəsidir".