
“Zirə”nin yeni transferi Yeqor Boqomolski uzun müddətə sıradan çıxıb.
Sportnet.az-ın məlumatına görə, iyunun 7-də “Nefçi”dən “qartallar”a transfer olunan 25 yaşlı belaruslu hücumçu ayağından zədə alıb.
Boqomolski yeni komandasında məşqlərə başlasa da, çox keçmədən problemlə üzləşib. Nəticədə o, "Zirə"nin indiyədək keçirdiyi hər üç yoxlama oyununun iştirak ərizəsində yer almayıb. Hazırda o, fərdi məşqlərlə kifayətlənir.
"Qartallar"ın daha 3 futbolçusu da zədəlidir. Eldar Quliyev, İsmayıl İbrahimli və qapıçı Tiaqo Silva komandaya bir müddətdir kömək edə bilmir.
Digər tərəfdən, transferə çıxarılan braziliyalı hücumameylli yarımmüdafiəçi Rafael Utziq hələ də komandanın düşərgəsinə qatılmayıb. Utziq baş məşqçi Rəşad Sadıqovun cərimə hədəsinə də məhəl qoymayıb.
“Zirə” indiyədək “Qarabağ” (0:4), Türkiyənin “Ankara Keçiörengücü” (2:1) və İordaniyanın “Əl Hüseyn” (1:0) komandaları ilə yoxlama oyunları keçirib.
Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya “Hayduk”u ilə qarşılaşacaq. İlk matç iyulun 23-də 8-ci kilometr stadionunda (“Neftçi Arena”da) baş tutacaq. Cavab görüşü isə iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda olacaq.