
Kamerun Futbol Federasiyasının (Fecafoot) prezidenti Samuel Eto O qurumun 600 min dollarını mənimsəməkdə şübhəli bilinir.
Sportnet.az “Actu Cameroun” nəşrinə istinadən xəbər verir ki, Eto O 2023-cü ildə Kamerun millisi ilə Meksika arasında keçirilən oyundan sonra futbolçulara verilməli olan 600 min dollarlıq mükafatı ələ keçirməkdə ittiham olunur.
Həmin vəsait futbolçulara ödənilməyib. Keçmiş ulduz futbolçunun federasiya daxilində cinayətkar sövdələşmə yolu ilə vəsaitləri mənimsəmə və pul yuma əməliyyatlarında iştirak etdiyi iddia olunur.
Eto O barədə ABŞ-nin Federal Təhqiqat Bürosuna (FBI) və Ədliyyə Nazirliyinə rəsmi şikayət təqdim olunub.
Qeyd edək ki, Samuel Eto O 2021-ci ildən Kamerun Futbol Federasiyasına rəhbərlik edir. 2024-cü ilin sentyabrında isə FIFA tərəfindən 6 ay müddətinə Kamerunun kişi və qadın milli komandalarının oyunlarına qatılmaqdan uzaqlaşdırılıb. Buna səbəb isə onun aqressiv davranışı və “fair play” prinsiplərini pozması olub.
Eto O karyerası ərzində “Leqanes”, “Real Madrid”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor” kimi klublarda çıxış edib. Kamerun millisində isə 118 oyun keçirərək 56 qol vurub.