
“İstərdim ki, mərhələni “Zirə” keçsin, onlara dəstək olacağam. Şanslar 50/50-dir. Futbolçular Rəşad Sadıqovun dediklərini düzgün yerinə yetirsələr, bu, alınacaq”.
Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və Xorvatiyanın “Hayduk” komandaları arasında keçirilmiş ilk oyunu dəyərləndirərkən deyib.
10 il öncə Split klubunda çıxış etmiş 34 yaşlı oyunçu 1:1 hesablı heç-heçə ilə başa çatmış ilk qarşılaşmanı izlədiyini bildirib. Qurbanov “qartallar”ı dəstəklədiyini qeyd edib: “Matçı sona qədər izlədim, heç bir komanda uduzmaq istəmirdi. Amma “‘Zirə’” qalib gəlmək və üstünlüyü saxlamaq imkanına malik idi. Mən onları növbəti oyunda da dəstəkləyəcəyəm”.
Xorvatiya futboluna yaxından bələd olduğunu vurğulayan Qurbanov cavab görüşünün çətin keçəcəyini vurğulayıb: “Hayduk" Avropaya açılan açardır, orada futbolçular hazırlanır və yaxşı qiymətə satılır. Başqa klubla qarşılaşmaq daha yaxşı olardı, amma nə varsa, odur. Cavab oyunu daha çətin, tam başqa atmosferdə olacaq. Çünki Splitdə oynamaq heç də asan deyil. Orada ən yaxşı azarkeşlər var”.
Xatırladaq ki, Ruslan Qurbanov 2015-ci ildə icarə əsasında “Hayduk”da çıxış edib. Split təmsilçisi ilə "Zirə" arasındakı cavab oyunu iyulun 31-də "Polyud" stadionunda təşkil olunacaq.