
Rusiyanın "Soçi" klubunun baş məşqçisi Robert Moreno aylıq məvacibinin yarısından imtina edib.
Sportnet.az xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssis Premyer Liqanın II turunda evdə "Akron"a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Moreno məğlubiyyətı biabırçılıq adlandıraraq futbolçuların da maaşlarının yarısından imtina etməyə çağırıb:
"Həqiqətən çox utanc vericidir. Bu, bütün məşqçilik karyeramda heç vaxt hiss etmədiyim qədər utanc hiss etdiyim gündür. Sadəcə, klubumuzdan, heyətdən, rəhbərlikdən, prezidentdən və xüsusən də azarkeşlərimizdən üzr istəyirik. Futbolçularıma dediyim kimi, əvvəlki matçın son on dəqiqəsi, bu oyunun isə ilk on dəqiqəsi sadəcə olaraq, biabırçılıqdır, biz maaşa layiq deyilik. Artıq futbolçulara demişəm ki, klubun xeyri üçün heç olmasa aylıq maaşlarının yarısınından imtina etsinlər.
O, məsuliyyəti öz üzərinə götürüb: "Sadəcə olaraq, bu gün oyunun bütün mərhələlərində özümüzü biabır etdik. Bu da mənim günahımdır, məsuliyyəti mən daşıyıram. Düşünürəm ki, hər birimiz bu günahı bölüşməli və bugünkü rüsvayçılığa görə məsuliyyət daşımalıyıq. Futbolçuların bunu edəcəklərini bilmirəm, amma aylıq maaşımın heç olmasa yarısını mütləq verəcəm. Müqavilə əsasında bunu qanuni şəkildə etmək mümkün deyilsə, mən bunu sadəcə olaraq xeyriyyəçiliyə verəcəm, çünki biz bu cür pula layiq deyilik. Çox sözüm yoxdur, nə baş verdiyini izah edə bilmirəm. Yenə deyirəm, bu, sadəcə olaraq biabırçılıqdır. Mən çox utanıram. İndi bilmirəm ailəmin, uşaqlarımın gözünə necə baxacağam. Onlar bura məni ziyarət etməyə gəlmişdilər”.
Qeyd edək ki, "Soçi" klubu Rusiya Premyer Liqasının ilk iki oyununu uduzub.