
"Bəli, mənim komandamda oynamış albaniyalı futbolçu deyəndə ilk növbədə, Ansi Aqolli yada düşür. Admir Telini də qeyd edərdim. Hər ikisi çox dəyərli insanlar və futbolçular idi".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyada "Şkendiya"ya 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında Kosovodan olan jurnalistin suallna cavab olaraq deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, ümumilikdə Balkan zonasının idmançılarında və futbolçularında həmişə böyük xarakter olub: "Bunlar bizə çox lazım olan elementlərdəndir. Hər birinə hörmətlə yanaşırıq".
Qurbanov "Şkendiya"nın heyətindəki futbolçulardan kimisə "Qarabağ"da görmək istərdinizmi" sualını isə belə cavablandırıb: "Bu komandadan indi kimisə komandamda görmək istəyimi deməyim düzgün olmazdı. Çünki rəqib komandaya hörmətsizlik olar, onların motivasiyalarını pozmaq istəmərik. Amma yaxşı oyunçular var və gələcək üççün nəzərimizdə saxlayacağıq".
"Qarabağ"ın baş məşqçisi indiki mərhələdə alban futbolçunu yox, alban jurnalisti Bakıya dəvət edib: "Komandamıza verdiyiniz dəyərə və etdiyiniz hörmətə görə sizə təşəkkür edirəm. Sizi Bakıya dəvət edirəm. İmkanınız olsa, gəlin, qonağımız olun".
Xatırladaq ki, "Şkendiya" Şimali Makedoniyada albanların kompakt yaşadıqları Tetovo şəhərini təmsil edir.