
Macarıstanın "Ferentsvaroş" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"a qarşı təxribatçı əməlinə görə üzr istəyib.
Sportnet.az xəbər verir ki bu barədə teleqrafın-ın dərc etdiyi yazıdan sonra müvafiq sorğuya cavab olaraq, Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, səhv dərhal aradan qaldırılıb: "Bu, onların səhvidir. Özlərinə bildirdik və dərhal dəyişdilər. Eyni zamanda baş vermiş halla əlaqədar bizdən rəhbərlik səviyyəsində üzr istədilər".
*** 13:14
Macarıstanın "Ferentsvaroş" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"a qarşı təxribata yol verib.
Teleqraf-ın məlumatına görə, Budapeşt təmsilçisinin rəsmi saytında "Qarabağ" Ermənistan çempionu kimi təqdim olunub.
Yazıda bu ölkənin adının iki dəfə çəkilməsi texniki səhv yox, təxribatçı davranış əlaməti kimi dəyərləndirilə bilər: "Çərşənbə axşamı (19 avqust - red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik. 36 qat Macarıstan çempionu olan komandamız Ermənistanın "Noa" və Bolqarıstanın "Lüdoqorets" klubları üzərində qələbələrdən sonra pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq. Robbi Kinin rəhbərlik etdiyi məşqçilər heyəti Ermənistan çempionu ilə qarşılaşma üçün heyət formalaşdıraraq, UEFA-ya təqdim edib".
Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" arasında avqustun 19-da "Qrupama Arena"da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab görüşünün start fiti saat 23:00-da çalınacaq.