
Macarıstanın "Ferentvaroş" komandasının futbolçusu Bentse Ötvöş evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının ilk oyunundan sonra "Groupama Arena"nı qoltuq ağacları ilə tərk edib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi matçın ilk yarısında sürüşmə fəndi nəticəsində zədələnib.
Ayağı burxulan oyunçu fasilədə əvəzlənib. Ötvöş stadionu tərk edərkən, "Vəziyyət elə də pis deyil. Necə olacağını görəcəyik" deyib.
Onun avqustun 27-də Bakıda keçiriləcək cavab görüşündə iştirak edə biləcəyi güman olunur.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq.