“İmişli” Peşəkar Futbol Klubunun rəhbərliyi və komanda heyəti İmişli rayonuna səfər edib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin İmişlidəki büstünü ziyarət edərək abidə önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Ardınca klub rəsmiləri İmişli Rayon İcra Hakimiyyətində olub və icra başçısı Elçin Rzayevlə görüş keçirilib. Görüşdə “İmişli” PFK-nın prezidenti Kamran Eyyubov, eləcə də klubun məşqçi və futbolçu heyəti, həmçinin İmişli rayonunu təmsil edən millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev iştirak ediblər.
Başçı Elçin Rzayev “Sabah” üzərində qazanılan qələbə münasibətilə klubu təbrik edib, komandanın çıxışını və fəaliyyətini yüksək dəyərləndirib.
Daha sonra klubun prezidenti Kamran Eyyubov çıxış edib. O, klubun gələcək inkişaf strategiyasından, qarşıya qoyulan hədəflərdən bəhs edib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Baş məşqçi Jorj Kaşkilya isə rəhbərlik və ictimaiyyətin dəstəyini yüksək qiymətləndirərək, komandanın uğurlu çıxışı üçün əllərindən gələni edəcəklərini bildirib.
Sonda icra başçısı və millət vəkilinə klub formaları hədiyyə olunub. Səfər çərçivəsində klub nümayəndələri Şəhidlər xiyabanını da ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Bundan başqa İmişli Olimpiya İdman Kompleksində klubun Uşaq Futbol Akademiyasının üzvləri ilə görüş keçirilib. Tədbirdə “İmişli”nin Uşaq və İnkişaf Proqramının rəhbəri Ruhid Usubov, akademiyanın müxtəlif yaş qruplarını təmsil edən futbolçular və əsas komanda heyəti iştirak ediblər.
Görüş zamanı uşaq futbolunun inkişafı istiqamətində görüləcək işlər barədə məlumat verilib, akademiya futbolçularının hazırlıq səviyyəsi müzakirə olunub. Əsas komandanın üzvləri gənc futbolçularla ünsiyyətdə olaraq onları ruhlandırıb, təcrübələrini bölüşüblər.
Daha sonra azarkeşlərlə görüş keçirilib. Görüşdə klub rəhbərliyi “Sabah” üzərində qazanılan qələbə münasibətilə azarkeşləri təbrik edib. Azarkeşlərin kluba olan davamlı dəstəyi və isti münasibəti yüksək qiymətləndirilib.
Komandanın baş məşqçisi Jorj Kaşkilya da çıxış edərək azarkeşlərin göstərdiyi dəstəyin komanda ruhuna müsbət təsir etdiyini, bu dəstəyin futbolçuların qələbə inamını və motivasiyasını artırdığını vurğulayıb.
Kapitan Azər Salahlı isə çıxışında azarkeşlərin inamını doğrultmaq üçün bu mövsüm bütün gücləri ilə çalışacaqlarını bildirib.
Tədbir zamanı azarkeşlər futbolçulara suallar ünvanlayıb, komandaya olan maraqlarını və dəstəklərini ifadə ediblər. Onlar yaxın zamanda “İmişli” PFK-nın ev oyunlarının İmişli stadionunda keçirilməsini səbirsizliklə gözlədiklərini bildiriblər.
Görüşün sonunda sual-cavab sessiyasında fəallıq göstərən azarkeşlərə “İmişli”nin formaları hədiyyə olunub.
Sonda xatirə fotosu çəkilib.