
"Bu, ağrılı nəticədir".
Sportnet.az xəbər verir ki, bunu Portuqaliya "Benfika"sının futbolçusu Niko Otamendi evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Komandanın kapitanının sözlərinə görə, hamı özlərinə tənqidi yanaşmalı və hazırda nələr üzərində işləməli olduqlarını anlamalıdır: "İndi günahkarları axtarmaq yox, hərəkət etmək vaxtıdır. Mövsüm yeni başlayıb və qarşımızda uzun yol var. Bu gün heç kim qələbə qazanacağımıza təminat verməmişdi. Amma bu, bizim işimizdir. Öz simamızı göstərməli, irəli baxmalıyıq. Bizə yalnız qələbəmizi və yaxşı oyunumuzu görməkdən ötrü biletlərə pul xərcləyən azarkeşlərdən üzr istəmək qalır. Təəssüf ki, işlər çox da yaxşı getmir".
37 yaşlı mərkəz müdafiəçisi fərdi cəhətdən artırmağın gərəkliyini vurğulayıb: "Çünki biz 2:0 hesabı ilə öndə olduğumuz vaxt ilk yarıda standart vəziyyətdən qol buraxdıq. Bu, məyusedicidir. İrəli getməli, daha səylə çalışmalıyıq. Çünki mövsüm yeni başlayıb. Ev oyunları rəqiblər üçün cəhənnəm olmalıdır. Biz isə artırmalıyıq".
Otamendi komandanı matçın sonlarında bitə basan azarkeşləri yaxşı başa düşdüyünü bildirib: Onların buna haqqı var. Çünki biletə pul verib oyunumuza baxmağa gəlirlər. Yaxşı oyun sərgiləmək və 3 xal qazanmaq üçün həftə ərzində çox çalışmalıyıq. Lakin biz elə bir komanda və heyətə malikik ki, udanda hamımız uduruq, uduzanda isə hamımız özümüzə tənqidi yanaşmalıyıq".