
"Mənim parlaq karyeram olub, müxtəlif ölkələrdə dünyanın ən böyük komandalarına rəhbərlik etmişəm. Amma "Fənərbağça"ya keçməklə səhvə yol verdim. Bu, mənim mədəni səviyyəm deyildi".
Sportnet.az xəbər verir ki, bunu Portuqaliyanın "Benfika" komandasına baş məşqçi təyin olunan Joze Mourinyo təqdimat mərasimində deyib.
62 yaşlı mütəxəssisin sözlərinə görə, onun səviyyəsi dünyanın ən böyük komandalarından birinə rəhbərlik etməkdir.
Mourinyo hazırkı komandasından görmək istədiyini açıqlayarkən, "Benfika"nın "Qarabağ"a 2:3 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçına da toxunub: "İki gün əvvəlki kimi uduza bilmərik. Həmin komanda "Benfika" deyildi. "Benfika" "Fənərbağça"ya qarşı İstanbulda son 30 dəqiqədə itki ilə mübarizə aparan, gəmini xilas edən və müsbət nəticəyə nail olan komanda idi. Bu, o "Benfika"dır ki, özümü onunla assosiasiya edirəm və onunla böyümüşəm. Onlar tez-tez udurlar. Uda bilməyəndə isə elə uduzurlar ki, insanlar "Biz onlara uduzduq" deyirlər".
Titullu baş məşqçi Portuqaliya komandasında görəcəyi işlərdən də danışıb: "Müdaxilə etməliyəm, amma çox ehtiyatla. Radikal ola, dərhal hər şeyə qarışa bilmərəm. Bunu sakitcə etmək lazımdır. Emosiya ilə başlamalıyıq. Meydana çıxanda biz 11 nəfər yox, milyonlarla oluruq. Taktiki baxımdan çox səbirli davranacağam. Çünki mahiyyəti təhrif etmək istəmirəm. Əvvəlki baş məşqçi Brunu Lajinin işinə tam hörmətlə deyə bilərəm ki, çox şeyi yaxşı edib".
Qeyd edək ki, Joze Mourinyo ilə iki illik müqavilə bağlanılıb.