
Səudiyyə Ərəbistanın yüksək liqasına yüksələn "Neom" klubu oyunları zamanı tribunaları canlandırmaq üçün muzdlu azarkeşlərdən yararlanır.
Sportnet.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, klub prezidenti Meşari Əl Motairi bu cür tamaşaçılara pul ödəməkdən çəkinmir.
"Əl Ohdud"a 1:0 hesabı ilə qalib gəldikləri son oyunda komandanı "Tabuk" stadionunun boş tribunalarında 300 afrikalı dəstəkləyib. Onların WhatsApp qrupu vasitəsilə təlimatlar aldığı müəyyənləşib. Oyundan sonra isə saxta fanatlar giriş vauçerlərini təqdim edərək, 50 riyal (11 avro) "zəhmət haqqı"nı götürürlər.
Muzdlu tamaşaçıların missiyası oxumaq, bayraqları dalğalandırmaq, sadiq azarkeşlər kimi qolları bayram etməkdən ibarətdir.
Belə yanaşma təkcə NEOM üçün xarakterik deyil. Səudiyyə Ərəbistanında tamaşaçıları az olan digər klublar da oxşar praktikadan yararlanırlar.
Qeyd edək ki, "Neom"un baş məşqçisi fransalı Kristof Qaltyedir. Komandada polşalı qapıçı Martsin Bulka, portuqaliyalı qolkiper Jota Silva, fransalı Aleksandr Lyakazett, Natan Zeze, Amadu Kone və Saymon Buabre kimi oyunçular var.