
"Azarkeşləri təbrik edirəm. Möhtəşəm və qələbəyə layiq idilər. Futbolçularıma təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Danimarka "Kopenhagen"inə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, ikinci hissədə bir qədər anlaşılmazlıq olub: "Fasilədən sonra rəqib sistemi dəyişdi. İkinci hissənin ilk 10-15 dəqiqəlik bölümündə nəzarəti tam ələ ala bilmədik. Yavaş-yavaş müdafiə olunsaq da, istənilən zonada rəqibi qarşılaya bildik. Bu arada bir neçə epizodumuz oldu, rəqibi əks-hücumlarda tutduq, amma bir qədər dəqiqlik çatışmadı. Lakin bu oyunlar belədir, burada final fitindən sonra qalib gəldiyini və matçın nəticəsini bilirsən. Çünki bura Çempionlar Liqasıdır, burada istənilən nəticə ola bilər. Çox gözəl, çox möhtəşəm! Hamını təbrik edirəm".
Qurbanov etiraf edib ki, Liqa mərhələsində komandası üçün belə başlanğıcın olacağını tam gözləməyib: "Lakin futbolçularıma güvənir, inanırdım. Sadəcə, bir qədər turnirin ağırlığından, ad-sanından, bəzi futbolçuların bacarıq və qabiliyyətlərini göstərə bilməyəcəklərindən ehtiyatlanırdım. Sevinirik ki, hər bir futbolçumuz elə ilk oyundan turnirə uyğunlaşdılar".
"Qarabağ" növbəti oyununu oktyabrın 22-də İspaniyada "Atletik Bilbao" komandasına qarşı keçirəcək. Baş məşqçinin sözlərinə görə, hələ III tur matçınadək vaxt var: "Onların oyunlarına tam baxmamışıq. Sadəcə, indiki oyunlarımızı düzgün qəbul etmək, qarşıdakı matçlara daha dəqiqliklə hazırlaşmaq lazımdır. Əvvəllər bizə qarşı 70-80 faiz ciddi yanaşırdılarsa, bu qalibiyyətdən sonra 100 faiz və bəlkə də daha artığını etməyə çalışacaqlar. Yenə də çalışacağıq ki, çəkinmədən, intizamlı oyun göstərək və turnirin dadını çıxaraq".