
Mərakeşdə 2030-cu il dünya çempionatı və Afrika Millətlər Liqasının keçirilməsinə hədsiz xərclərin sərf olunması əleyhinə kütləvi aksiyalarda 3 nəfər ölüb, 280-dən çox insan xəsarət alıb.
Sportnet.az-ın Daily Mail" nəşrinə istinadən məlumatına görə, etirazçıların əsas hissəsi gənclər olub. Narazılıqlara səbəb yeni futbol stadionlarının tikintisi və sözügedən yarışlara hazırlıqlara milyardlarla dollar vəsaitin sərf olunacağı xəbərləridir.
Nümayişçilər vəsaitlərin səhiyyə, təhsil və nəqliyyata daha çox xərclənməsini tələb edirlər.
Mərakeş Daxili İşlər Nazirliyi etiraz aksiyalarında 409 nəfərin həbs olunduğunu, 20 nümayişçinin və 260-dan çox polisin yaralandığını bildirib. Habelə, polis idarəsinə hücum cəhdi zamanı 3 nəfərin öldüyü bildirilir.
"Bizə stadionlar yox, xəstəxanalar lazımdır! Əvvəlcə sağlamlıq, sonra futbol!", deyə etirazçılar şüarlar səsləndiriblər.
Daha əvvəl Ben Sliman şəhərində Afrikada ən iri tutumlu - 115 min azarkeşi qəbul etməyə qadir "Qrand Stad Hasan II" stadionunun tikiləcəyinə dair xəbərlər yayılıb. Onun 4,2 milyard dollara başa gələcəyi bildirilir.
Afrika Futbol Konfederasiyasının prezidenti Patris Motsepe isə Afrika Millətlər Liqasının Mərakeşdən başqa ölkəyə keçirilməyəcəyini açıqlayıb. Yarış 21 dekabr 2025-ci ildən 18 yanvar 2026-cı ilədək təşkil olunacaq.
DÇ-2030 isə İspaniya və Portuqaliya ilə birlikdə keçiriləcək.