
Fransa millisinin 2026-cı il dünya çempionatının seçmə qrup matçında Azərbaycan yığması üzərində 3:0 hesablı qələbəsi daha bir maraqlı olayla əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, 34 ildən sonra ilk dəfə PSJ-nin futbolçuları ev oyunlarını keçirdikləri "Park de Prens" stadionunda oynamayıblar.
Baş məşqçi Didye Deşam ilk "11-lik"də Mayk Menyan ("Milan", İtaliya), Malo Qüsto ("Çelsi", İngiltərə), Dayo Upamekano ("Bavariya", Almaniya), Vilyam Saliba ("Arsenal", İngiltərə), Teo Ernandes ("Əl Hilal", Səudiyyə Ərəbistanı), Adrien Rabyo ("Milan", İtaliya), Kefren Türam ("Yuventus", İtaliya), Yuqo Ekitike ("Liverpul", İngiltərə), Maykl Olise ("Bavariya", Almaniya), Kinqsli Koman ("Əl Nəsr", Səudiyyə Ərəbistan) və Kilian Mbappeyə ("Real Madrid", İspaniya) şans verib.
Ehtiyat oyunçular skamyasında PSJ-dən qapıçı Lüka Şevalye və müdafiəçi Lukas Ernandes yer alsa da, Deşam ikinci hissədə meydançaya Eduardo Kamavinqa ("Real Madrid", İspaniya), Kristofer Nkunku ("Milan", İtaliya), Florian Toven ("Lans", Fransa), Manes Akliuş ("Monako", Fransa) və Jan-Filipp Matetanı ("Kristal Pelas", İngiltərə) buraxıb.
PSJ-nin digər futbolçularına gəldikdə, müdafiəçi Zair-Emri Varren U-21 yığmasının düşərgəsində olub. "Qızıl top"un sahibi, hücumçu Usman Dembele, yarımmüdafiəçilər Bradli Barkola və Dezire Due isə zədə üzündən milliyə çağırılmayıb. Lakin qolları vuran Mbappe və Rabyo əvvəllər PSJ-də çıxış edib.
Sonuncu dəfə belə hadisə 30 mart 1991-ci ildə baş verib. Həmin vaxt Fransa millisi "Park de Prens"də Avropa çempionatının seçmə oyununda Albaniyanı 5:0 hesabı ilə məğlub edib. Həmin vaxt "Bordo"da çıxış edən Fransa millisinin hazırkı baş məşqçisi ikinci hissədə meydana daxil olub.