
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu karyerasında 34-cü dəfə penaltidən yararlana bilməyib.
Sportnet.az-ın məlumatına görə, bu, oktyabrın 11-də İrlandiyaya qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçının 75-ci dəqiqəsində baş veriib.
Onun zərbəsini rəqib qapıçı Kuivin Kelleher qaytarıb. Beləliklə, Ronaldu cari mövsümdə ilk dəfə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyi bacarmayıb.
Bununla belə, 90+1-ci dəqiqədə Ruben Neveşin qolu ilə Portuqaliya millisi qələbəyə nail olub - 1:0.
40 yaşlı forvard sonuncu dəfə martın 23-də Danimarkaya qarşı Millətlər Liqasının 1/4 final matçında belə bir imkanı qaçırıb. 6-cı dəqiqədə onun zərbəsini rəqib qapıçı Kasper Şmeyxel qaytarıb. 72-ci dəqiqədə isə portuqaliyalı hücumçu oyun vəziyyətindən qol vura bilib.
Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində 177 penaltini dəqiq yerinə yetirib.