“Anlayıram və xoşbəxtəm ki, belə nəticə əldə etmişik".
Sportnet.az-ın məlumatına görə, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Polşada Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis gərgin oyunda 3 xal qazanmalarından məmnunluq ifadə edib: "Oyun çox gərgin keçirdi və hər iki komanda qələbə qazanmaq istəyirdi. Sevinirik ki, üç xal qazandıq. Bildiyinizə görə, bizim beş oyunçumuz müxtəlif səbəblərdən bu matcda iştirak edə bilmirdi. Başa düşürəm ki, bu oyunu udmaq bizə çətinliklə başa gəldi. Oyunçuların çoxu yox idi. İlk hissədə çalışırdıq ki, yaxşı oyun göstərək".
Rebrov Azərbaycan millisi barədə də danışıb: "Heç vaxt deməmişəm ki, Azərbaycan millisi zəif rəqibdir. İnanıram ki, gələcəkdə yaxşı oyunlar göstərəcəklər. Oyun çox güclü gedirdi, rəqib də çox ciddi hazırlaşmışdı. Oyunçularımızla söhbət aparmışdıq və bilirdik ki, bu oyuna hər iki komanda necə hazırlaşıb".
Baş məşqçi Ukrayna millisinin bundan sonra daha yaxşı vəziyyətdə olacağını vurğulayıb: "İlk növbədə gözləyirəm ki, beş futbolçum zədədən qayıtsın. Mənim komandam həmişə qələbələrə oynayıb. Gözləyirik ki, oyunçularımız qayıdandan sonra daha yaxşı performans göstərək. Ən xoşuma gələn odur ki, jurnalistlərdən xoş xəbərlər gəlsin, incidici suallar olmasın. Ona görə, çalışacağıq ki, sizi sevindirək”.