
20 yaşadək futbolçular arasında dünya çempionatının Mərakeş və Fransa yığmaları arasındakı yarımfinal matçında "çağırış vərəqəsi"ndən istifadə olunub.
Sportnet.az-ın məlumatına görə, Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uabi 72-ci dəqiqədə vərəqəni aktivləşdirib.
FIFA-nın yeni qaydalarına əsasən, "çelenc" hakimdən tələb etmək hüququ verir ki, qərarına yenidən baxmasından ötrü videotəkrarı izləsin.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxda - 107-ci dəqiqədə fransalı futbolçu Rabbi Nzinqula ikinci sarıdan qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.
Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn Mərakeş millisi finala yüksəlib.
Digər finalçı isə Kolumbiyanı yarımfinalda 1:0 hesabı ilə yenən Argentina olub. Bu görüşdə isə yeganə qolu 72-ci dəqiqədə Mateo Silvetti vurub. 79-cu dəqiqədə kolumbiyalı Con Arias qırmızı vərəqə alıb.
Mərakeş və Argentina yığmaları arasında final oyunu oktyabrın 20-nə keçən gecə Bakı vaxtı ilə saat 3:00-da başlanacaq.
Qeyd edək ki, 2025-ci il U-20 dünya çempionatı Çilidə keçirilir. 2027-ci il dünya çempionatı isə Azərbaycan və Özbəkistanda olacaq.