
"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət oldu. Komandada disbalans var idi, çünki uzun müddətdir oynamamışdılar və birgə olmamışdılar. Xeyli rotasiya etmişdik, topla tam istədiyimiz kimi davrana bilmirdik. Rəqib isə ilk yarıda buna imkan vermirdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, ilk yarıda top çox az müddət oyunda olub: "Topun cəmi 10-15 dəqiqə oyunda olub-olmadığını bilmirəm. Daha çox uzun toplar, mübarizə izlədik. Sanki vaxt da uzanırdı. Düzü, demək olar ki, heç nə edə bilmirdik. Daha yaxşı oynamaq istəyirdik, lakin top 2-3 dəqiqə oyunda qalmırdı ki, meydanda düzgün yerləşək".
Qurbanovun fikrincə, ikinci hissədə tam fərqli qarşılaşma oynanılıb: "Ola bilsin, rəqibin də gücü bir qədər azaldı. Çünki ilk yarıda xeyli enerji itirdilər, həddindən artıq pressinq etdilər, xeyli mübarizə apardılar. Nəticədə tam fərqli oyun alındı. Daha rahat oynamağa, meydanda daha düzgün yerləşməyə başladıq. Sevindiricidir ki, çox vacib 3 xal qazandıq. Futbolçular da çox əziyyət çəkdilər. Öz komandalarının yanlarında olduqları üçün tovuzlu azarkeşlərə təşəkkür edir, "Turan Tovuz"a uğurlar arzulayıram".