
"İlk hissədə elə də yaxşı çıxış etmədik. Lakin fasilədən sonra toparlandıq və daha yaxşı oynadıq. Bunun da nəticəsində qələbə qazandıq, istəyimizə çatdıq və vacib 3 xal əldə etdik. Bu nəticəyə görə çox xoşbəxtəm".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Turan Tovuz"a 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib.
Polşalı qolkiper digər sualları da cavablandırıb:
- Fasilədə nə dəyişdi ki, “Qarabağ” ikinci hissədə üstünlüyü tam ələ aldı?
- Baş məşqçimiz iki əvəzetmə etdi. Bu da oyunumuzu dəyişdi. Üstəlik, fasilədə bizimlə söhbət də etdi. Komandanı daha da çox motivasiya etdi və bütün bunlar bizə müsbət təsir göstərdi. Özünüz də gördünüz ki, ikinci hissədə meydanda çox yaxşı “Qarabağ”a var idi.
- Deyə bilərik ki, “Qarabağ” “Atletik”lə oyuna hazırdır?
- “Qarabağ” hər zaman hazırdır. İstər ölkə çempionatının oyunu olsun, istər Çempionlar Liqasının.
- Necə düşünürsünüz, “Qarabağ” Çempionlar Liqasındakı uğurlu çıxışını çətin İspaniya səfərində də davam etdirə biləcək?
- Çempionlar Liqasında hər matç çox ağır keçir. Lakin biz ilk iki qarşılaşmada qələbə qazanmışıq. Güclü komanda olduğumuzu sübut etmişik. Göstərmişik ki, hər matçda qələbə qazanmağa qadirik. “Atletik”lə görüşdə də o cümlədən. İnanırıq ki, səfərdə oynasaq da, istəyimizə çatacağıq.
- Şayiələrə görə, "Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ”a çox qol vurmalarını arzulayır...
- Buna bənzər fikirləri “Benfika”nın da, “Kopenhagen”in də baş məşqçisi demişdi. Onlar da bizə çox qol vurmaq istəyirdilər. Axırı nə oldu? Oyundan öncə çox adam çox şey deyə bilər. Əsas nə olacağını oyunda görəcəyik.
- Xarici mətbuatda Almaniyanın “Borussiya Dortmund" klubunun sizinlə maraqlandığı barədə xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Bu xəbəri şərh edə bilmərəm. Elə mən də ancaq yazılanları oxumuşam. Başqa heç bir məlumatım yoxdur.