
İspaniyada "Atletik"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçında "Qarabağ"ı 400-dək azarkeş dəstəkləyəcək.
Sportnet.az-ın "El Correo" nəşrinə istinadən məlumatına görə, Bilbao şəhərindəki "San Mames" stadionunda təşkil olunacaq qarşılaşma üçün hələlik 350 bilet satılıb.
“iTicket.az”da onlayn şəkildə satılan biletlərin qiyməti 110 manatdır.
“Qarabağ” azarkeşləri üçün “Estadio de San Mames”də yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayırılıb. 321-ci sektora giriş “Gate 21” vasitəsilə mümkün olacaq.
Oyunadək artımın çox az olacağı bildirilir. Qonaq fanatların azlığı və zorakılığın gözlənilməməsi matçın təhlükəli elan edilməməsinə gətirib çıxarıb.
Bu, həm də "San Mames"də "Atletik"in rəqibinin ən az azarkeşi olan oyun olacaq.
Çempionlar Liqasında İngiltərə "Arsenal"ı ilə açılış oyununda qonaqların 3000 azarkeşi iştirak edib. Onlardan 2700-ü bileti "Atletik"dən, qalanları müstəqil alıb. Fransa PSJ-si və Portuqaliya "Sportinq"inin də Bilbaoda eyni sayda azarkeşləri önündə oynayacaqları gözlənilir.
Bakı və Bilbao arasında məsafə 4300 km, təyyarə ilə yol 6 saatdır. Bu isə o deməkdir ki, "Qarabağ" azarkeşlərinin çoxu Qərbi Avropada yaşayanlar olacaqlar. İspaniyadakı Azərbaycan icması çox azdır. Fanatların müxtəlif ölkələrdən gələcəklərini nəzərə alaraq, onlar üçün təhlükəsizlik tədbirləri görməyə və ya "San Mames"ə müşayiət etməkdən ötrü "görüş yeri"nin təşkilinə ehtiyac duyulmayıb.
Bu matç "Qarabağ" üçün böyük əhəmiyyətə malikdir. Çempionlar Liqasının əsas sürprizinə çevrilmiş komanda "San Mames"də də qələbə qazansa, Liqa mərhələsinin sonuna 5 tur qalmış pley-offa xeyli yaxınlaşacaq.
Bu, Azərbaycan komandasının Bilbaoya ikinci səfəri olacaq. İlk dəfə 2015/20126 mövsümündə "İnter" (hazırkı "Şamaxı") "Atletik"lə Avropa Liqasının təsnifat mərhələsində üz-üzə gəlib. Bilbaoda 0:2 hesabı ilə uduzmuş komanda öz meydanında qolsuz heç-heçə edərək, mübarizəni dayandırıb.
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Atletik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.