
"Nəhayət, uğursuzluq zolağından çıxmağı bacardıq. Qələbəyə görə sevinirik. Lakin oyunumuzdan razı qalmadım. Ələ düşən şansları çox qaçırdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Karvan-Yevlax"a 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Komanda bir çox qol fürsətlərini dəyərləndirə bilmədi. Bu barədə nə deyə bilərsiniz?
- Tam heyəti yığmaqda problem yaşayırıq. Rəşidin zədəsi var, Rüstəm Əhmədzadə və Səbuhi Abdullazadə milli komandada idilər. Bəzi gənc oyunçulara şans verdik. İndiki məqamda əsas məqsədimiz odur ki, optimal heyətlə bir neçə oyun keçirək.
- Narazı qaldığınız məqamlar hansılardır?
- Qələbəyə görə sevinirəm. Amma mənim planlaşdırdığım oyunu bu gün tam olaraq görə bilmədik. Bəzi oyunçuların fərdi səhvləri oldu.
- Qış transfer pəncərəsi zamanı Serbiyadan tanıdığınız futbolçuları "Sumqayıt"a dəvət etməyi düşünürsünüz?
- Mənim üçün futbolçunun hansı ölkədən olması önəmli deyil. Əsas onun faydalı olmasıdır. Qışda bizə yeni oyunçular lazım olacaq.
- Qarşıdakı turlarda "Zirə", "Araz-Naxçıvan" və "Qarabağ"la oyunlar olacaq. Həmin matçlar üçün xüsusi planınız var?
- Düz qeyd edirsiniz, bizi qarşıda çətin oyunlar gözləyir. Hazırda növbəti turun matçını düşünürük. Futbolçulardan tələbim oyunlara 100 faiz hazır olmalarıdır. Bütün məşqlərimiz də buna yönəlib.