“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Şamaxı” ilə qarşılaşma haqda danışıb.
Sportnet.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:
“Ayxana uğurlar arzu edirəm. Bizim üçün asan oyun olmadı. İstərdim ki, dinamik oyun alınsın, təəssüf ki, alınmadı.
“Şamaxı” ümumən yaxşı oynadı. Məşqçinin əl işi hiss olunurdu. Belə oyunlarda bizə elə də asan olmur, çünki oyun çox dayandırılır. Həmişə bunu demək istəmişəm.
Ümumiyyətlə, hakimlər kimlə oynadığımızdan asılı olmayaraq, oyunlara daha diqqətli yanaşsınlar. Hər oyunçu yıxılan kimi həkimlər gəlir, vaxt gedir. Gərək buna hakimlər də nəzarət etsinlər, belə olmaz. Biz istəyirik ki, Avropayla uyğunlaşaq, lakin bu, alınmır. Bu, bizim xeyrimizə deyil, oyunun bir anda tempi dəyişir. Bu çempionatı ona uyğunlaşdırmaq lazımdır.
Oyunçular da istər-istəməz hirslənirlər. Gərək hakim buna nəzarət etsin. Yıxılanların da heç birində ciddi zədə görmədim. Uduzsaq da, udsaq da bunları deyəcəkdim. Oyunu belə tez-tez dayandırmaq olmaz.
Sağ olsunlar ki, azarkeşlər də bu gün çox dəstək oldular. Görünür ki, çempionat o qədər də asan olmayacaq, mübarizə aparacağıq. Oyunun sonlarında daha yaxşı oyun görə bilərdik. Təəssüf ki, bu, oyunun dayandırılmasına görə alınmadı”.











































































