"Oyunçularımızı gözəl qələbə münasibətilə təbrik etmək istərdim. Çünki bu, fantastik oyunumuzun nümunəsi idi".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis bildirib ki, rəqibin böyük komanda olmasından xəbərdar idilər. O, iki dəfə hesabda geri düşmələrinə baxmayaraq, xarakter ortaya qoyduqlarını söyləyib: "Onlara qarşı yaxşı hazırlaşmışdıq və öz oyunumuzu ortaya qoya bildik. Taktikalarının necə olacağını və dəhlizlər, boşluqlar verəcəklərini bilirdik. Biz bu boşluqlardan yaxşı istifadə edə bildik. Oyunumuz çətin başladı. 10-cu dəqiqədə penalti ilə hesabda geri düşdük. "Neftçi" kimi rəqiblə oyunda bu, çox çətin idi. Lakin biz tarazlıq yarada bildik. İkinci hissədə yenidən hesabda geri düşdükdə, komandamız öz güclü tərəfini - xarakterini və psixoloji hazırlığını göstərdi. "Neftçi"nin evində, belə bir böyük komandaya qarşı oynayırdıq. Komandamdan çox razı qaldım. Biz nəinki oyunu bərabərləşdirdik, hətta xarakter göstərərək, qələbə qazana bildik. Rəqibi də gözəl oyun münasibətilə təbrik edirəm. Amma biz bu gün onlardan daha üstün idik. Hamını təbrik edirəm".
Kaşkilya qələbəni fantastik nəticə kimi dəyərləndirib: "Oyunçuları daim qələbəyə yönəldirik. Futbolçulara deyirəm ki, rəqib bizdən yaxşı oyun göstərəcəksə, məqsəd uduzmamaqdır. "İmişli" üçün hər bir xal qazancdır, amma əlbəttə, 3 xal fantastik nəticədir. Biz yalnız öz komandamız barədə danışırıq, "Neftçi" barədə heç nə deyə bilmərik".
Baş məşqçi "Neftçi" ilə ilk dövrədəki ilə indiki arasında fərqin çox böyük olduğunu vurğulayıb: "Mövsümün əvvəlində bizə yeni komanda qurmaqdan ötrü çox iş görmək lazım idi. Komandanın sistemini, mənliyini formalaşdırmaqdan ötrü xeyli məşqlər etdik. Kollektiv hələ hazır deyildi. Ona görə də birinci dövrədəki matçda meydanda tam fərqli "İmişli" idi. Amma artıq 3 ay keçib və artıq komandamız öz oyununu tapıb. "Neftçi" ilk komanda deyil ki, biz 3 qol vururuq. "Karvan-Yevlax" və "Kəpəz"ə də 3 qol vurmuşuq, "Qəbələ" ilə oyunda 2 dəfə fərqlənmişik. 2 ay ərzində formalaşmış kollektivlə 5 ayın komandası arasında, əlbəttə, fərq var. İndi "İmişli"nin məqsədləri, necə deyərlər, çox yüksəkdir. Birinci faza ilə müqayisədə bizi qol vurmaq və hücuma meylli oyun göstərmək daha çox maraqlandırır".
O, Dioqo Almeyda və Luis Fernando Silvestre Juniorun (Juninyo) oyun ərzində çox qaçdıqlarını, bu səbəbdən, oyunun axırlarında komandanı fiziki cəhətdən yeniləməyə ehtiyac duyduğunu bildirib: "Rəqibin keyfiyyəti, sürət və pressinqi yüksəkdir, matçın sonlarında qol vura bilərdilər. Bundan ötrü çoxlu şansları oldu. Dəyişikliklər etdim ki, fiziki, mental cəhətdən daha da güclü olaq və müqavimət göstərə bilək".
Kaşkilya qış fasiləsində heyəti gücləndirməyi düşünmədiklərini söyləyib: "Qış transfer dövründə oyunçu almaq daha çətin olur. Xüsusən, "İmişli" kimi komanda üçün. Çünki biz böyük komanda deyilik. Biz "Qarabağ", "Neftçi", "Sabah" səviyyəsində deyilik ki, qışda bahalı oyunçular ala bilək. Bu barədə düşüncələrimiz yoxdur. Avrokubokları, ilk "dördlüy"ü düşünmürük. Çünki yeni yaranan komandayıq, əsas məqsəd sabitlik gətirmək və əlimizdəki potensialın maksimumunu ortaya qoymaqdır. Bu gün ehtiyatdan meydançaya çıxan oyunçular fərqi göstərə bildilər. Bu isə o deməkdir ki, texniki heyət, məşqçilər futbolçularımızın səviyyəsini qaldırmağa çalışırlar. Məqsədimiz bu il Premyer Liqada sabit komanda olmaqdır. Ona görə də qış fasiləsində oyunçu transferi barədə düşüncələr yoxdur. İşimiz bu komanda ilədir və kollektivin maksimumuna nail olmaqdır".
O, qarşıdan gələn Azərbaycan Kubokunun 1/8 final oyununa da ciddi yanaşacaqlarını dilə gətirib: "Biz oyunçuları hər bir matçdan öncə qələbəyə hazırlayırıq. "İmişli"nin məqsədi oyundan-oyunadır: Hər oyuna qalib kimi çıxmaq, qalib mentaliteti ilə hazırlaşmaq. Bu, qarşımızdakı rəqibimizdən də asılıdır. Favorit, biz yox, "Sabah"dır. Amma "Sabah" bizim "Neftçi" kimi komandanı uda bildiyimizi görürsə, deməli, onları da uda bilərik. Ona görə də bizimlə qarşılaşmaya daha da diqqətlə hazırlaşacaqlar. Əlbəttə, böyük klubların məqsədləri kubok qazanmaq, avrokuboklara çıxmaqdır. Bizim hədəf isə odur ki, oyundan-oyunu düşünərək, qalib gələk.














































































