"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin düşərgəsindən yüksək hərarətlə qayıdan futbolçu Elvin Cəfərquliyevin hazırkı durumunu açıqlayıb.
Sportnet.az xəbər verir ki, 53 yaşlı mütəxəssis sol cinah müdafiəçisinin bu gün İtaliyada "Napoli"yə qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçında start heyətdə meydana çıxmasının mümkünlüyünü bildirib.
“Elvinin durumu ümumən pis deyil. Oyunadək vaxtımız var. Yenə həkimlərlə məsləhətləşəcəyik. Oynama ehtimalı mövcuddur. Bəlkə hansısa dəyişiklik ola bilər. Amma hər bir halda qəti qərarı görüşdən əvvəl verəcəyik", - deyə Qurbanov vurğulayıb.
Qeyd edək ki, bu gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:00-da başlanacaq. Elvin Cəfərquliyev xəstəliyi səbəbindən Azərbaycan millisinin evdə İslandiyaya 0:2, Fransaya 1:3 hesabı ilə uduzduğu 2026-cı il dünya çempionatının seçmə qrup matçlarında iştirak etməyib. O, daha sonra "Qarabağ"ın səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yendiyi Azərbaycan Premyer Liqasının XII tur qarşılaşmasının 70-ci dəqiqəsində meydançaya daxil olub.













































































