"Futbolçularıma təşəkkür edirəm. Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. "Araz-Naxçıvan"la çətin oyundan sonra komandada yorğunluq var. İlk dəqqiqələrin çətin olacağını bilirdik. "Şəfa" çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib, hesabı bərabərləşdirdi. Sanki bəzi futbolçularımız I Liqa klubuna qarşı oynamağa hazır deyildi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikdəyik. Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Bu qələbələr bizə inam verəcək. Qış fasiləsinə qədər 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Şəfa"(2:1) ilə oyunundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Son dəqiqələrdə "Şəfa" hücumda oynayırdı. Rəqib sizi müdafiəyə çəkilməyə məcbur edirdi, yoxsa komandada arxayınlıq var idi?
- Uduzan komanda istər-istəməz irəli atılır. Həmin anlarda biz topa yiyələnməli idik. Son dəqiqələrdə bizim də fürsətlərimiz oldu. Sadəcə bunlardan istifadə edə bilmədik. Fürsətləri dəyərləndirə bilməyəndə gərginlik yaranır. Heyətimiz gəncdir. Bunun olması normaldır. "Şəfa" Premyer Liqa səviyyəsində komandadır.
- Kubokda "Qəbələ"nin perspektivini necə görürsüz?
- Kifayət qədər optimist yanaşıram. Kubokda da sona qədər mübaarizə aparacağıq.
- Qışda heyəti gücləndirəcəksiz?
- Heyətin güclənməsinə 100 faiz ehtiyac var. Bunu hamımız bilirik. Bunun üzərində də işləyirik. Bununla belə bütün oyunlarda döyüşməliyik.









































































