"Qarabağ"ın 2 futbolçusu UEFA Çempionlar Liqasında cəza təhlükəsi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, bunlar müdafiəçilər Mateus Silva və Kevin Medinadır.
Braziliyalı sağ cinah oyunçusu Silva əsas mərhələdə Danimarka "Kopenhagen"i (2:0) ilə II tur və İngiltərə təmsilçisi "Çelsi" (2:2) ilə IV tur qarşılaşmalarında sarı vərəqə alıb.
Kolumbiyalı stopper Medina isə "Çelsi" və İtaliyada "Napoli" (0:2) ilə V tur matçlarında rəsmi xəbərdarlıqla üzləşib.
Əsasnaməyə görə, Liqa mərhələsində üçüncü sarı vərəqəni alan futbolçu növbəti görüşü avtomatik buraxmalıdır. Bu baxımdan, "Qarabağ"ın Niderland "Ayaks"ı ilə VI tur oyununda onlar həm də özlərini cəza riskindən qorumalı olacaqlar. Əks halda, Almaniya "Ayntraxt"ı ilə görüşdə Azərbaycan təmsilçisi əsas heyətdə ciddi itki ilə üzləşə bilər.
Qeyd edək ki, "Qarabağ" "Ayaks"la dekabrın 10-da, "Ayntraxt"la isə 2026-cı il yanvarın 21-də üz-üzə gələcək.












































































