"Ayaks" komandası "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur matçından əvvəl Niderland Eredivizisində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Amsterdam təmsilçisi XV turda "Fortuna"nın qonağı olub.
Sittard şəhərindəki "Fortuna Sittard" stadionunda təşkil olunmuş qarşılaşma "Ayaks"ın qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 4-cü dəqiqədə meydan sahiblərindən Kay Sirheys açıb. Lakin 45+6-cı dəqiqədə Sib van Ottele, 47-ci dəqiqədə isə Rian Fosso topu öz qapısına göndərərək, hesabı qonaqların xeyrinə dəyişiblər. "Ayaks"ın üçüncü qolunu öz oyunçusu - Ouen Veyndal vurub.
Komandaların hərəyə 1 futbolçusu meydandan qovulub. Meydan sahiblərindən 53-cü dəqiqədə Yustin Hübner birbaşa, qonaqlardan isə Yuri Baas 60-cı dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alıb.
Beləliklə, xalını 26-ya yüksəldən "Ayaks" 3-cü pilləyə qalxıb. Komanda "Qarabağ"la dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.
Oyun saat 21:45-də başlanacaq və İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, hazırda "Ayaks" Çempionlar Liqasında xal qazanmayan yeganə komandadır və sonuncu - 36-cı yerdə gedir. "Qarabağ" isə 7 xalla 19-cudur.
















































































