UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında "Qarabağ"la qarşılaşacaq Almaniya "Ayntraxt"ının düşərgəsində qalmaqallı olay baş verib.
Sportnet.az-ın "Bild"ə istinadən məlumatına görə, Frankfurt təmsilçisinin baş həkimi Fabian Plaxel "Haydenhaym"la hələ noyabrın 1-də səfərdə keçirilmiş Bundesliqanın IX tur matçından əvvəl rəqib komandanın futbolçusu Matias Honsaka birbaşa oteldə tibbi yardım göstərib.
Honsakı "Ayntraxt"ın oyunçuları otelin dəhlizində görüblər. Ertəsi gün avstriyalı yarımmüdafiəçi ev qarşılaşmasında 63 dəqiqə meydançada olub və "Haydenhaym"ın gözlənilmədən 1:1 hesablı heç-heçə etməsinə köməklik göstərib.
Daxili araşdırmalardan sonra Plaxel ilə yolların ayrılması qərara alınıb.
"Qarabağ" "Ayntraxt"la 2026-cı il yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Bu gün Almaniya klubu VI tur matçında İspaniyada "Barselona"nın qonağı olacaq. Azərbaycan təmsilçisi isə dekabrın 10-da Niderland "Ayaks"ını qəbul edəcək.
5 turdan sonra "Qarabağ" 7 xalla 19-cu, "Ayntraxt" 4 xalla 28-ci yerdə gedir.
Qeyd edək ki, hazırda "Ayntraxt" Bundesliqada 13 oyundan 21 xalla 7-ci, "Haydenhaym" isə 11 xalla 16-cı yerdə gedir. "Haydenhaym"ın baş məşqçi Frank Şmidt də "Qarabağ"dan olan həmkarı Qurban Qurbanov kimi, uzun müddətdir komandadadır. Lakin o, futbolçu karyerasını bitirdiyi klubda baş məşqçi postuna Qurbanovdan 1 il tez - 2007-ci ildə təyin olunub və hazırda bir komandada bu vəzifədə ən uzun müddətdir çalışan mütəxəssisdir.













































































