"Biz bütün oyunlarımızda yalnız qalib gəlmək istəyirik — həm sabahkı matçda, həm də digər qarşılaşmalarda. Xüsusilə də 7 xalı olan “Qarabağ”a qarşı oynamaq bizim üçün çox vacibdir".
Sportnet.az xəbər verir ki, bunu Niderland "Ayaks"ının baş məşqçisi Fred Qrim Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur matçından öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis digər sualları da cavablandırıb:
- Qarabağ”ın əsas üstünlüyü nədir?
- Sabahkı oyunla bağlı deyə bilərəm ki, “Qarabağ”ı kifayət qədər analiz etmişik. Bu mövsüm balanslı komandadır və çox sürətli şəkildə hücuma çıxma qabiliyyətləri var. Biz bunları nəzərdən keçirmişik və onlara qarşı müəyyən planlarımız mövcuddur. Sabah elə bir oyun olacaq ki, həm qalib gələ bilərik, həm də uduzma ehtimalı var — hər iki nəticəyə hazırıq.
- “Qarabağ”da xüsusi olaraq fərqləndirdiyiniz oyunçu varmı?
- Kiminsə adını çəkmək düzgün olmaz. Onların kifayət qədər güclü müdafiəsi var və çox yaxşı, sürətli hücumlar qura bilirlər.
- Qarabağ”ın güclü olması komandanızı qorxutmur?
- Xeyr, sabahkı oyundan qorxmuruq. Baxmayaraq ki, hazırda 0 xalımız var, biz bu matçı istifadə edib xal qazanmağa çalışacağıq.












































































