"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin evdə Niderland "Ayaks"ına 2:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Görüşü necə dəyərləndirərdiniz?
- Oyuna yaxşı başladıq, hər hissənin əvvəlində qol vurduq. Bəzi bölümlərdə üstünlük bizdə idi, topla çox yaxşı davranır, kombinasiyalar qurur, ötürmələr verirdik. Amma hücuma çıxanda səhvlərə yol verirdik. Belə oyunlarda ani səhvlər qapıya vurulan qolla yekunlaşır. Rəqib əks-hücumlara çox yaxşı çıxırdı. Bunun qarşılığında qollar buraxdıq. Çox istərdik ki, qələbə qazanaq. Təəssüf ki, uduzduq. Əlimizdən gələni edəcəyik ki, son 2 matçımızda maksimum nəticə göstərək.
- Matçın qırılma anı hansı epizod oldu?
- Qapımıza vurulan 3-cü qolu deyərdim. Həmin qoldan sonra komandamız məyus oldu və ruhdan düşdü.
- Hesabda öndə olduğunuz vaxt edilən əvəzetmələr oyuna necə təsir göstərdi?
- Əvəzetmələrə mən qarışmasam, daha yaxşı olar. Çünki bu, baş məşqçinin qərarıdır. Mən heç nə deyə bilmərəm.
- Bəs həmin vaxt geri çəkilərək vaxt aparmaq mümkün deyildi?
- Xeyr. O dəqiqələrdə geri çəkilsəydik, düzgün olmazdı. Çünki hücuma çıxanda zatən boşluqların olması normaldır. Amma ani səhvlər olmamalıdır ki, yekunda sənə qol vurmasınlar.
- Qaçırılan qol şanslarının nəticəyə təsiri oldu?
- Əlbəttə, o amilin də təsiri oldu. Epizodlarımız var idi ki, istifadə edə bilərdik. Yararlana bilmədiyimizə görə təəssüflənirik.
- Real yanaşsaq, bundan sonra ümid qalıbmı?
- İtiriləcək bir şeyimiz yoxdur. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq və mərhələ keçək.
Haşım MƏMMƏDOV










































































