UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələr Almaniya klubları üçün ciddi sanksiyalarla nəticələnib.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt”ın “Barselona” ilə səfər oyunu (1:2) zamanı Frankfurt azarkeşlərinin davranışı UEFA-nın sərt qərarına səbəb olub.
Qonaq sektorunda pirotexniki vasitələrdən istifadə edilməsi, tribunaya əşyaların atılması və işıq raketinin buraxılması təşkilatın diqqətindən yayınmayıb.
Nəticədə UEFA “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq. Komanda növbəti mərhələyə yüksələrsə, sonrakı səfər oyunu da eyni cəza altına düşəcək.
Bundan başqa, pirotexnika qalmaqalına görə “Ayntraxt” 30 min avro, "Kamp Nou" stadionunda tualetlərə və pleksiqlas divara dəyən zərərə görə isə əlavə 8 min avro cərimələnib. Klub ziyanın aradan qaldırılması üçün 30 gün ərzində “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalıdır. Qeyd edək ki, Frankfurt klubu daha əvvəl “Roma” ilə oyundakı oxşar hadisələrə görə şərti cəza altında idi.
Klubun idarə heyətinin üzvü Filip Reşke "Bild" nəşrinə bildirib: “UEFA-dan qərarın əsaslandırılmasını istəmişik və ikinci səfər oyunu ilə bağlı qadağaya etiraz etmək hüququmuzu saxlayırıq”.
Bu o deməkdir ki, “Ayntraxt” heç olmasa yanvarın 21-də Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan sonrakı səfər matçında azarkeşlərin stadiona buraxılmaması qərarının ləğvinə ümid edir. Lakin UEFA-dakı zəngin “cərimə dosyesi” və əvvəlki şərti cəzalar fonunda bunun baş tutması çətin görünür.
"Bild" onu da yazır ki, təəssüf doğuran məqam ondan ibarətdir ki, bu cəza minlərlə normal “Ayntraxt” azarkeşini də zərbə altında qoyub. Artıq Bakıya səfər üçün uçuş və hotellər bron edən, futbola görə yola çıxan fanatlar stadiondan kənarda qalacaqlar. Məlumata görə, klub “Qarabağ”la oyun üçün təxminən 3000 bilet sorğusu almışdı.
UEFA “Bavariya”ya da sanksiya tətbiq edib. Münhen klubunun “Sportinq”lə oyununda azarkeşlərin genişmiqyaslı şəkildə pirotexniki vasitələr yandırması səbəbindən növbəti ev matçında tribunaların bir hissəsi bağlanacaq.
Belə ki, yanvarın 21-də “Union Sen-Jillua”ya qarşı keçiriləcək oyunda “Bavariya”nın 111–114-cü sektorları – “Südkurve”nin qapıarxası alt tribunası boş qalacaq.
Xatırladaq ki, münhenlilər mart ayında da oxşar səbəbdən şərti cəza almışdı (qol.az).






































































