“Neftçi”nin veteran futbolçusu və sabiq məşqçisi Şakir Qəribov “Palms Sports” Futbol Mərkəzində qonaq olub.
Sportnet.az xəbər verir ki, “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer və digər klub nümayəndələri ilə görüşən Qəribova 70 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.
Görüşdə “Neftçi”nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb. Daha sonra futbol mərkəzi ilə yaxından tanış olan yubilyar “Neftçi TV”yə geniş müsahibə verib.
Qeyd edək ki, 1956-cı il yanvarın 15-də Sabirabadda dünyaya gələn Şakir Qəribov futbol oynamağa doğma rayonda başlayıb. Ardından əvvəlcə Gəncə “Dinamo”sunda, daha sonra hərbi xidmətlə əlaqədar OİK-də çıxış edən Şakir Qəribov 1977-ci ildə “Neftçi”yə dəvət olunub. İlk ili əvəzedici komandada keçirən sol cinah müdafiəçisi 1978-ci ildə əsas komandaya çağırılıb və qısa müddətdə əsas heyət üzvlərindən birinə çevrilib.
Ümumilikdə, “ağ-qaralar”ın heyətində keçirdiyi 9 mövsüm ərzində 219 oyunda meydana çıxıb, 8 qola imza atıb.
Futbolçu karyerasını başa vurandan sonra doğulduğu Sabirabadın “İnşaatçı” klubunda məşqçiliyə başlayan mütəxəssis 1989-cu ildə oynayan məşqçi kimi Azərbaycan çempionu olub. Vaxtilə yığmanın baş məşqçiləri olmuş İqor Ponomaryov, Vaqif Sadıqov və Şahin Diniyevlə birgə işləyib, olimpiya yığmamıza və aşağı yaş qruplarından ibarət komandalara rəhbərlik edib. 2000-2001, 2009-2010-cu illərdə doğma “Neftçi”nin, 2011-2013-cü illərdə isə AZAL-ın məşqçisi olub.














































































