İspaniya millisinin və “Atletik Bilbao” klubunun sabiq futbolçusu Mikel San-Xose ağır zədələr səbəbindən peşəkar karyerasını başa vurduqdan sonra məhkəmə yolu ilə ömürlük pensiya hüququ qazanıb.
Sportnet.az "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, Kataloniya Ali Məhkəməsi San-Xoseyə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq 1600 avro məbləğində təqaüd ödənilməsini təsdiqləyib. Məhkəmə futbolçunun 2022-ci ildə karyerasını könüllü şəkildə deyil, tibbi səbəblərə görə başa vurduğunu tanıyıb.
Qərardan İspaniya Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
36 yaşlı sabiq futbolçuya boyun osteoartriti, onurğa disklərinin yırtığı, foraminal stenoz, döş nahiyəsinin diskopatiyası və bel spondiloartrozu diaqnozu qoyulub. Bu patologiyalar San-Xosedə xroniki sağlamlıq problemlərinə səbəb olub.
Qeyd edək ki, Mikel San-Xose “Atletik”in heyətində 397 oyun keçirib və 37 qol vurub. O, İspaniya millisində isə 7 matçda forma geyinib.







































































