AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XIX turun oyunlarında baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlar çıxarıb.
Sportnet.az-ın məlumatına görə, “Araz-Naxçıvan”la ev matçında Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Sabah” klubu 1 000 manat cərimələnib.
Daha dəqiqi paltardəyişmə otağının duşlarında isti su olmayıb. Bu problem əvvəllər də üzə çıxıb, lakin "Sabah" klubu məsələnin həllindənsə, cərimələnməyi üstün tutub.
“Araz-Naxçıvan”ın meydançaya gec çıxması səbəbindən görüş gec başladığı üçün qonaqlar 3 000 manat cərimə edilib.
Klub daha 700 manat cəriməni 4 futbolçusu sarı vərəqə aldığı üçün ödəyəcək.
“Sumqayıt”la səfər matçında “Zirə”nin 5 (Ange Mutsinzi) və 25 (Enrike Kustodio) nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə “Zirə” klub 1 500 manat cərimə edilib.
“Şamaxı” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” 700 manat cərimələnib. Komandanın azarkeşləri oyun vaxtı 25 ədəd oturacaq sındırıb. Buna görə stadiona dəymiş zərər Ağdam klubu tərəfindən qarşılanmalıdır.
“Qəbələ” ilə ev matçının 90+1-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə alıb. O, növbəti oyunu buraxacaq. Klubu isə 500 manat cərimə ödəyəcək.