UEFA 2026/2027 maliyyə ili üçün büdcəsini təsdiqləyib.
Sportnet.az-ın məlumatına görə, büdcə layihəsi Belçikanın paytaxtı Brüsseldə keçirilən UEFA Konqresində qəbul olunub.
Qurum gəlirlərinin 97 faizindən çoxunu birbaşa Avropa futbolunun inkişafına yönəltməyi planlaşdırır.
2026/2027 mövsümü üçün ümumi gəlir 5,1 milyard avro səviyyəsində proqnozlaşdırılır. Bu göstərici əvvəlki maliyyə ili ilə müqayisədə bir qədər aşağıdır. Azalma qadınlar arasında AVRO-2025 turnirindən əldə olunan gəlirlərin əvvəlki dövrə aid olması ilə əlaqələndirilir.
Gəlirlərin bölgüsü belədir:
81% – media hüquqları
16% – kommersiya tərəfdaşlıqları
3% – bilet satışı və hospitality xidmətləri
Klub yarışlarında bölgü
2024 – 2027 dövrünü əhatə edən kişi klub turnirlərinin son mövsümündə gəlirlərin 78%-i iştirakçı klublar arasında paylanacaq.
Bununla yanaşı, 455 milyon avro solidar ödənişlər üçün ayrılıb. Bu vəsait qrup mərhələsində çıxış etməyən klublara, qadın klub yarışlarına və UEFA Gənclər Liqasına yönəldiləcək. Qeyd olunub ki, solidar payı 7%-dən 10%-ə yüksəldilib.
Qadın və gənclər futboluna investisiya
UEFA 2026/27 mövsümündə qadın, gənclər və futzal yarışlarına 77 milyon avro ayıracaq. İnkişaf və təhsil proqramlarının maliyyələşdirilməsi isə 78,3 milyon avroya çatdırılacaq. Bu vəsaitin bir hissəsi qadın futbolunun inkişafına yönəlmiş “Unstoppable” strategiyasına sərf olunacaq.
Xərclər və maliyyə planı
İdarəetmə xərcləri 122,8 milyon avro təşkil edir ki, bu da orta illik gəlirin 2,6%-nə bərabərdir.
UEFA 2026/2027 mövsümü üçün 62 milyon avro həcmində xalis zərər proqnozlaşdırsa da, AVRO-2024 maliyyə dövrünün sonunda strateji ehtiyat fondunun 400 milyon avro hədəfini üstələməyi planlaşdırır.
Qeyd edək ki, 2026/2027 mövsümündə UEFA Millətlər Liqasının final mərhələsi və Albaniya ilə Serbiyanın birgə ev sahibliyi edəcəyi U-21 Avropa çempionatı keçiriləcək.







































































