"Mübarizəli, maraqlı oyun oldu. Rəqibin qələbə istəyi ilə gəldiyi bəlli idi. Biz isə ötən oyunda "Qarabağ"a acı məğlubiyyət yaşamışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Turan Tovuz"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis XVII turda "Qəbələ"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra komandasının yaxşı performans göstərdiyini bildirib: "Baxmayaraq ki, sıx qrafikdə "Qarabağ"a qarşı ardıcıl 2 oyun keçirdik. Bu, üçüncü oyunumuzdur və heyətdə çox da dəyişiklik edə bilmirik. Amma futbolçularımdan həqiqətən də razı qaldım. Bu gün konsentrasiya tam yüksək səviyyədə idi".
Abbasov xüsusən ilk yarıdakı çıxışlarının yaxşı alındığını vurğulayıb: "Birinci hissədə üstünlük bəlkə də bizdə idi. Kərim Rossi və Abdulla Rzayev düz qərar verə bilsəydilər, hesabı açacaqdıq. Eyni zamanda, rəqibin standart vəziyyətlərində yaxşı oynadıq. Cəmi bir dəyişiklik etməyim bugünkü oyuna görə idi. Rəqib standart vəziyyətlərdə çox yaxşıdır. Təəssüf ki, ehtiyatdakı oyunçularımız boyca kiçik idilər. Karim Rossi nə qədər yorulsa da, onun mövqeyində sırf standart vəziyyətlər baxımından bu gün əvəzləyicimiz yoxdur. Eyni zamanda, Oruc Məmmədov, Rikardo Apolinario, Abdulla Rzayev yorulmuşdu. Onların əvəzinə həmin dəqiqələrdə meydançaya daxil olacaq futbolçuların belə tempdə, rəqibin standart vəziyyətlərində çətin olacağını düşündük. Amma gənc futbolçuları həmişə dəstəkləyir, ən ağır oyunlarda belə, onlara şans veririk. Əlbəttə, gələn oyunlarda dəyişiklik olacaq. Ümumən, məncə, maraqlı oyun getdi".
Baş məşqçi "Şamaxı" üçün hər bir xalın önəmli olmasına diqqət çəkib: "Həm xal ehtiyatımızı artırır, həm də turnir cədvəlində möhkəmlənirik. Qarşıdakı oyunlara hazırlaşacağıq".












































































