"Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə "Nyukasl"ına qarşı ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 1:6.
"Sağsağanlar" ilk 5 qolu birinci hissədə vurub. Entoni Qordon 2-si penaltidən olmaqla, 4 dəfə fərqlənib. Qordon artıq 3-cü dəqiqədə hesabı açıb. 8-ci dəqiqədə Malik Tiav fərqi artırıb.
21-ci dəqiqədə Bəhlul Mustafazadə zədələnərək, meydançanı tərk edib. Onu Dani Bolt əvəzləyib.
Fasilədən sonra tərəflər hərəyə bir dəfə fərqləniblər. "Qarabağ"ın qolunun müəllifi Bəhlul Mustafazadə olub.
Beləliklə, ilk matçda ağır məğlubiyyəti alan "Qarabağ" üşün fevralın 24-də keçirəcəyi cavab görüşü formalıığa çevrilib.
-------------------
Bu gün "Qarabağ" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off matçına çıxacaq.
Sportnet.az xəbər verir ki, 1/8 finala vəsiqə uğrunda görüşdə rəqib İngiltərə "Nyukasl"ı olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlanacaq oyunu norveçli baş hakim Espen Eskas idarə edəcək.
Əsas mərhələdə "Qarabağ" 10 xalla (3 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət) 22-ci, "Nyukasl" 14 xalla (4 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) 12-ci yeri tutub.
Bu, iki komandanın ilk görüşü və "Nyukasl"ın Azərbaycan komandasına qarşı birinci oyunudur. "Qarabağ" İngiltərədən olan rəqibləri ilə 9 görüşün heç-birində qələbə qazana bilməyib və meydanı 1 heç-heçə, 8 məğlubiyyətlə tərk edib.
"Qarabağ" Çempionlar Liqasında ikinci, "Nyukasl" dördüncü dəfə iştirak edir. Hər iki komanda pley-offa ilk dəfə çıxır. İki mövsüm əvvəl Eddi Haunun baş məşqçi olduğu kollektiv qrupda 5 xalla 4-cü yeri tutub.
“Qarabağ” avrokuboklarda son 10 iki oyundan ibarət qarşılaşmanın 8-də qalib gəlib. Ağdam təmsilçisi cari mövsümdə avrokuboklarda keçirdiyi 7 ev matçının 4-də qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Qurban Qurbanovun komandası son 6 ev oyununda hər dəfə ən azı iki qol vurmağı bacarıb.
Bu mövsüm "Qarabağ" İngiltərə təmsilçilərindən "Çelsi" ilə evdə 2:2 hesablı heç-heçə edib və səfərdə "Liverpul"a uduzub - 6:0.
Hücum xəttində isə Kamilo Duran diqqət çəkir. O, “Qarabağ”ın Çempionlar Liqasında keçirdiyi son iki ev matçında hesabı açan futbolçu olub.
“Nyukasl” isə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən 10-cu İngiltərə klubudur. “Sağsağanlar” sonuncu dəfə 2012/2013 mövsümündə avrokubokların pley-off mərhələsində oynayıb və həmin vaxt Avropa Liqasında 1/4 finala qədər irəliləyib.
İngiltərə təmsilçisi turnirin son qalibi Fransa PSJ-si ilə 1:1 hesablı heç-heçə etdikdən sonra axırıncı 7 oyunun yalnız birində məğlub olub (4 qələbə, 2 heç-heçə). Bununla belə, komandanın avrokuboklardakı səfər statistikası zəifdir – son 15 oyunun cəmi 2-də qalib gəlib (8 heç-heçə, 5 məğlubiyyət). Lakin cari mövsüm keçirdiyi 4 səfər görüşündə yalnız bir dəfə uduzub.
Komandanın əsas qol silahlarından olan Entoni Qordon bu mövsüm 6 dəfə fərqlənib. O, “Nyukasl”ın Çempionlar Liqası tarixində ən məhsuldar oyunçularından biridir və 6 qolla klub əfsanəsi Alan Şirer ilə eyni göstəriciyə malikdir. Qordon komanda yoldaşı Harvi Barnsdan isə bir qol öndədir.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
18 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) - 1:6
Qollar: Elvin Cəfərquliyev, 54 - Entoni Qordon, 3; 32 (pen); 34, 45+1 (pen.), Malik Tşau, 8. Ceykob Mörfi, 72
Baş hakim: Espen Eskas
Yan xətt hakimləri: Yan Erik Enqan, İsaak Elias Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)
VAR: Rob Diperink
VAR köməkçisi: Dennis Hiqler (hər ikisi Niderland)
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya)
UEFA nümayəndəsi: İqnas Marsinkeviçyus (Litva)
Qeyd edək ki, cavab görüşü fevralın 24-də keçiriləcək.













































































