“Özümü çox xoşbəxt hiss edirəm. Möhtəşəm gecə idi, azarkeş dəstəyi əla idi. Uzun müddət unutmayacağım bir oyundur”.
Bunu İngiltərə “Nyukasl”ının futbolçusu Entoni Qordon Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra Sportnet.az-a açıqlamasında deyib.
Qarşılaşmada 4 qol vuran 25 yaşlı hücumçu bildirib ki, futbolda sabit qalmaq və səviyyəni qorumaq ən vacib məsələlərdən biridir: “Futbolda insanlar səni tez aşağı salır, yaxşı oynayanda isə səni göylərə qaldırırlar. Ona görə ortada qalmaq vacibdir. Futbol çox tez dəyişir. Həddindən artıq özünə güvənməyə ehtiyac yoxdur, sadəcə işimizi davam etdirməliyik və bir-birimiz üçün çox çalışmalıyıq”.
“Oyun çox qaçışlı və ağır idi. Mənim işim qol vurmaq və cərimə meydançasında effektiv olmaqdır. Bu gün hər şey mənim üçün yaxşı alındı” deyən ingiltərəli vinger
UEFA Çempionlar Liqasında daha çox qol vurmaq istədiyini vurğulayıb: “Aktivimdə 10 qolun olması yaxşıdır, amma daha çox istəyirəm. Əslində 6 qol vurmalı idim. İki şansı qaçırdım. 4 qol yaxşıdır, amma daha çox ola bilərdi”.
Komanda yoldaşlarının ona təsiri barədə danışan Qordon özünə inandığını bildirib: “Mən həmişə özümə güvənirəm. Bu mövqedə oynamağı sevirəm. Mövsümün əvvəlində deyirdilər ki, alınmır, amma mən belə düşünmürdüm. İndi həm oyun var, həm də nəticə”.
Futboldakı emosional dəyişkənliyə toxunan hücumçu komandanın fokusunu qorumasının vacibliyini qeyd edib: “Futbol emosionaldır — bir gün yuxarıdasan, bir gün aşağı. İndi yaxşı vəziyyətdəyik, amma arxayınlaşmamalıyıq”.
Haşım MƏMMƏDOV











































































