UEFA Çempionlar Liqasında keçid pley-off mərhələsindən 1/8 finala yüksələn ilk komandanın adı məlum olub.
Sportnet.az xəbər verir ki, bu hüquqa İspaniya təmsilçisi "Atletiko Madrid" yiyələnib.
Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv pley-off mərhələsində Belçika "Brügge"sini mübarizədən kənarlaşdırıb. 3:3 hesabı ilə bitən ilk görüşün revanşında "Atletiko" böyük hesablı qələbəyə nail olub - 4:1. İspaniya komandasının üç qolunu 23-cü, 76-cı və 87-ci dəqiqələrdə Aleksander Sörlot, digərini isə 48-ci dəqiqədə Conni Kardozo vurub. "Brügge"dən isə 36-cı dəqiqədə Xoel Ordonyes fərqlənib.
"Atletiko" 1/8 finalda İngiltərənin "Tottenhem" və ya "Liverpul" komandası ilə qarşılaşacaq.














































































