İranın qadın futbolçulardan ibarət milli komandasının üzvləri Avstraliyada keçirilən Asiya Kubokunun start matçı öncəsi dövlət himninini ifa etməyiblər.
Sportnet.az xəbər verir ki, bu jest Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda baş verib.
Bölgədə İsrail və ABŞ-ın İrana zərbələr endirməsi, İranın isə cavab olaraq İsrailə və BƏƏ-də, eləcə də digər ölkələrdə yerləşən ABŞ bazalarına hücumlar etməsi barədə məlumatlar yayılıb.
Turnirin ilk oyununda İran yığması Cənubi Koreyaya 0:3 hesabı ilə məğlub olub. Qrupda həmçinin Avstraliya və Filippin komandaları yer alır. Bu görüş İrana qarşı hücumlar başladıqdan sonra qadın yığmasının keçirdiyi ilk matç olub.
İranın qadın millisinin Asiya Kubokunda iştirakı İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın kişi millisinin dünya çempionatında iştirakdan imtina edə biləcəyi barədə açıqlamalarından sonra xüsusi diqqət çəkir. Komanda ötən il seçmə mərhələnin nəticələrinə əsasən mundiala vəsiqə qazanıb, lakin qrup mərhələsinin bütün oyunları ABŞ-da keçirilməlidir. Turnir 11 iyun – 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada planlaşdırılıb.
Yaxın Şərqdəki gərginlik klub futboluna da təsir göstərib. Asiya Çempionlar Liqasının 1/16 final, eləcə də Asiya Çempionlar Liqası 2 və Çağırış Kubokunun 1/4 final oyunları təxirə salınıb. Həmin qarşılaşmaların 2–3 və 3–4 mart tarixlərində keçirilməsi nəzərdə tutulurdu.
Xatırladaq ki, martın 1-də start götürən Asiya Kuboku martın 25-dək davam edəcək.

















































































